Voleybol üzrə Azərbaycan millisi mübarizəyə başlayır

 01:45 07.01.2020     270

Bu gün qadın voleybolçular arasında Avropa Olimpiya Təsnifat Turnirinə start veriləcək.

Redaktor.az saytının məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarında “köhnə qitə”ni təmsil edəcək sonuncu komanda adına namizəd olan 8 yığma lisenziyanın sahibini müəyyənləşdirəcək.Niderlandın Apeldorn şəhərində təşkil olunacaq yarışda indiyədək Olimpiadaya qatılmayan Azərbaycan yığması da mübarizə aparacaq. Komandamız Braziliyada keçirilən Olimpiya Təsnifat Turnirində olduğu kimi yenə şanslı hesab edilmir. Çünki A qrupunda yer alan voleybolçularımızı son matçlarda qalib gələ bilmədiyimiz Niderland, Bolqarıstan və Polşa ilə çətin sınaq gözləyir. Bundan əlavə, millimiz turnirə tam heyətlə də yollanmayıb. Əsas heyət oyunçularından Odina Əliyeva və Olena Həsənova qeyri-müəyyən səbəbdən “13-lük”də yer almayıblar. Hücumçunun kənarda qalmasını kompensasiya etmək mümkün olacaq, amma Həsənovasız yığmanın blokda çətinlik yaşayacağını indidən proqnozlaşdırmaq mümkündür. Düzdür, Ayşən Abduləzimova hazırda yaxşı formadadır və komandada kapitanlıq sarğısına da yiyələnib. Ondan fərqli, Kseniya Pavlenko və ya Mariya Kirilyuk yüksək səviyyəli yarışlar üçün hazır deyillər. Digər mövqelərə gəlincə, burada ehtiyat qüvvə ad baxımından pis təsir bağışlamır. Lakin onların hazırda lazımı formada olması bir qədər inandırıcı görünmür. Belə deməyə isə komandanın təlim-məşq toplanışlarında qələbə qazanmaması əsas verir. Yığmamız yarışa həm də yeni baş məşqçi – Vasif Talıbovla çıxacaq ki, bunun da faydası matçların yekununda bilinəcək. Düzdür, yeni çalışdırıcı bu cür əhəmiyyətli turnirlər üçün bir qədər təcrübəsizdir. Amma bu işdə ona köməkçiləri Famil Ağayevlə Eldar Yusubovun yardım edəcəyi sözsüzdür. Ən azından hər iki mütəxəssis böyük yarışlara baş məşqçi kimi komanda çıxarıblar.

Təqvimi də komandamız üçün uğurlu saymaq olmaz. Təmsilçimiz turnirə güclü olan Niderlandla başlayacaq. Ardınca Bolqarıstan qarşılaşacaq yığma son matçda Polşa ilə üz-üzə gələcək. Hər halda, tarixi şansdan yararlanmaq üçün ən azı iki rəqibdən üstün olmaq vacibdir. Çünki reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.

Qeyd edək ki, digər qrupda Almaniya, Türkiyə, Xorvatiya və Belçika qüvvəsini sınayacaq.

Azərbaycan millisinin heyəti
Toppaylayıcılar: 
14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova,
Blokçular: 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk
Hücumçular: 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova
Liberolar: 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva

//APA