“Tarix yazıb, Oyunlara qatılmaq istəyirik” - Ayşən Abduləzimova

 12:07 07.01.2020     306

“Məqsədimiz Tokio Yay Olimpiya Oyunlarına yüksəlmək şansından maksimum yararlanmaqdır. Tarix yazıb, Oyunlara qatılmaq istəyirik”. 

Bunu Azərbaycan yığmasının voleybolçusu Ayşən Abduləzimova deyib. 

27 yaşlı təcrübəli blokçu Niderlandın Apeldorn şəhərində keçiriləcək Avropa Olimpiya Təsnifat Turniri barədə fikirlərini açıqlayıb. Macarıstanın “Vaşaş” klubunda legioner həyatı yaşayan Abduləzimova bildirib ki, əsas hədəfləri qarşıya qoyulan məqsədə çatmaqdır: “Buraya hər bir yığma kimi, biz də bir istəklə gəlmişik. İlk hədəfimiz qrup mərhələsini uğurla başa vurmaqdır. Düzdür, rəqiblərimiz çox güclüdürlər. Hər birini yaxşı tanıyırıq, onlar haqda lazımı məlumat toplamışıq. Qrupumuzda yer alan Niderland, Polşa və Bolqarıstanla dəfələrlə qarşılaşmışıq. Necə oynadıqlarını da bilirik. Buna baxmayaraq, hər matça qələbə üçün çıxacağıq və bütün gücümüzü meydanda qoyacağıq”. 

Blokçu lisenziya xarakterli yarışda kapitan sarğısının ona həvalə edilməsindən də danışıb: “Bunadək Qızıl Avropa Liqasında eyni funksiyanı yerinə yetirmişəm. Amma nəzərə alaq ki, bu iki yarış arasında fərq çox böyükdür. Bu dəfə Avropa Olimpiya Təsnifat Turnirində kapitan olacağam. İlk növbədə mənə göstərilən etimadı doğrultmağa çalışacağam. Bu məsuliyyətimi daha da artırır. İnanıram ki, sonda komanda olaraq azarkeşlərimizə sevinc bəxş edəcəyik”. 

Qeyd edək ki, bu gün götürəcək yarış yanvarın 12-də bitəcək. Azərbaycan ilk turda Niderlandla qarşılaşacaq.//Apa.az