“Qarabağ” “Barselona”nın sabiq hücumçusunu transfer edə bilər

 19:00 08.01.2020     378

Ağdamın “Qarabağ” klubunun heyətinə qatmaq istədiyi futbolçulardan biri müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, hücumçu axtarışında olan Azərbaycan çempionu Ekvadorun “Aukas” klubunun forvardı Edson Montanonu transfer edə bilər.

29 yaşlı futbolçu Ağdam klubuna təklif olunan hücumçular sırasında yer alıb. O, əyalət təmsilçisinin məşqçilər korpusunun diqqətini də çəkib. 

Ekvador millisinin hücumçusunun transferinə onun indiki klubu ilə müqaviləsinin olması maneçilik törədə bilər. Montanonun hazırkı klubu ilə anlaşması 2021-ci il yanvarın 31-də başa çatacaq. Bu səbəbdən də onun transferi üçün müəyyən məbləğ ödənməlidir.

“İkinci mərtəbədə”ki oyunu ilə diqqət çəkən cənubi amerikalı başla məhsuldar çıxış edir. O, yalnız mərkəz hücumçusu mövqeyində oynayır. Legionerin transferi ilə bağlı yekun qərar yaxın müddətdə veriləcək.

Qeyd edək ki, Edson karyerası ərzində “Barselona”, “El Nasyonal”, “Klan Yuvenil” (hamısı Ekvador), “Nyukasl Yunayted Jets” (Avstraliya) və “Gent” (Belçika) klublarında oynayıb. Ölkəsinin U-20 komandasında 13 matça 5 qol vuran futbolçu əsas yığmada 4 oyuna çıxıb.//Apa.az