Azərbaycan idmançısı favoritlər qrupunda yer alıb - Lozanna-2020
İsveçrənin Lozanna şəhərində keçirilən Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarının püşkü atılıb.
Redaktor.az-ın məlumatına görə, yarışdakı yeganə Azərbaycan təmsilçisi Yekaterina Ryabovanın çıxış edəcəyi sıra nömrəsi bəlli olub.
2003-05-ci il təvəllüdlülərin qatıldığı Olimpiadada qızların mübarizəsində 16 iştirakçı mübarizə aparacaq. Onlar bu gün qısa proqramda qüvvələrini sınayacaqlar.
İştirakçılar 3 qrupa bölünüblər. Nisbətən zəiflərin yer aldığı ilk “beşlik” daha tez buz üzərinə çıxacaq. Ardınca daha 5 idmançı bacarığını nümayiş etdirəcək. Mükafatlara iddialılardan rusiyalı Anna Frolova bu qrupda sonuncu olaraq sürüşəcək.
Digər favoritlər sonuncu qrupda çıxış edən 6 idmançıdır. Onlar arasında Azərbaycan təmsilçisi Y.Ryabova da olacaq. O, buz üzərinə qrupda 3-cü, ümumilikdə 13-cü çıxacaq.
A.Frolova və Y.Ryabova ilə yanaşı, medallara iddialı hesab olunan digər rusiyalı Kseniya Sinitsina 11-ci, koreyalı “üçlü aksel”i ilə həmyaşıdlarını üstələyən cənubi koreyalı Younq Yu 15-ci olaraq tamaşaçılar önünə çıxacaq.
Qeyd edək ki, qızların yarışı Bakı vaxtı ilə 19:10-da start götürəcək. Y.Ryabovanın çıxışı 21:05-21:12 aralığında gözlənilir.//Apa.az












