AGF-nin 10-cu Ümumi Yığıncağı keçirilib

 20:55 18.01.2020     447

Bu gün Azərbaycan Gimnastika Federasiyasının 10-cu Ümumi Yığıncağı keçirilib.

Federasiyadan Redaktor.az-a verilən məlumata görə, 2019-cu ilin yekunlarına həsr olunmuş tədbirdə AGF İcra Komitəsinin üzvləri, təsisçi qurumların nümayəndələri, federasiya nümayəndələri və gimnastika növləri üzrə yığma komandaların məşqçiləri və gimnastları iştirak ediblər.

Rəsmi açılışdan sonra yığıncağın gündəliyində duran məsələlərə keçid alınıb. Gündəlikdə federasiyanın fəaliyyəti ilə əlaqədar bir sıra mühüm məsələlərə toxunulub.

İlk öncə İcra Komitəsi tərəfindən təyin olunmuş mandat komissiyasının üzvləri təsdiq olunub. Daha sonra 9-cu Ümumi Yığıncağın protokolu və 10-cu Ümumi Yığıncağın gündəliyi təsdiqlənib.

Yığıncaqda AGF-nin Baş Katibi Nurlana Məmmədzadənin 2019-cu il üzrə hesabatı və federasiyanın Baş mühasibi Viktoriya Abuşovanın hesabatı dinlənilib və təsdiq edilib.

Daha sonra gimnastika sahəsində müəyyən nailiyyət və ya xidmətləri olan şəxslərə xatirə medalları təqdim olunub.

Bədii gimnastika üzrə yığma komandanın məşqçisi Yevgeniya Velyayeva, akrobatika gimnastikası üzrə yığmanın Baş məşqçisi İradə Qurbanova, gimnastlar Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı, eləcə də qadın idman gimnastikası üzrə Baş məşqçi Pşemislav Lis bürünc medalla təltif ediliblər.

Aerobika gimnastikası üzrə aerodans qrupunun üzləri Elçin Məmmədov, Balaxanım Əhmədova, Nərminə Hüseynova, İmran İmranov, Mədinə Mustafayeva, Akif Kərimli, Ayxan Əhmədli, Nigar İbrahimbəyli gümüş medala, həmin növ üzrə Baş məşqçi Marian Kolev isə qızıl medala layiq görülüb.

Rəsmi bağlanışla Ümumi Yığıncağın işi yekunlaşıb.