"Yuventus" qalib gəldi, "Milan" xal itirdi

 22:27 02.02.2020     869

İtaliya A Seriyasının 22-ci turunun oyunları keçirilib.

Redaktor.az bildirir ki, turnir cədvəlinin hazırkı lideri “Yuventus” öz meydanında “Fiorentina” klubunu qəbul edib.

“Allianz” stadionunda baş tutan görüş 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Turin təmsilçisinin heyətində Kriştiano Ronaldo (2) və Matias De Liqt fərqlənib.

Bu qələbə sayəsində “Yuventus” aktivinə 54-cü xalı yazaraq ən yaxın izləyici, bir oyun az keçirdən “İnter”dən beş xal irəlidədir. “Fiorentina” isə 25 xalla 14-cü yerdə qərarlaşıb.

Digər maraq doğuran oyun “San Siro” stadionunda qeydə alınıb. Son zamanlar yaxşı oyunu ilə diqqət çəkən “Milan” doğma azarkeşlər önündə “Hellas Verona” klubunu qəbul edib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Turnir cədvəlində üçüncü yerdə qərarlaşan “Latsio” isə SPAL-ı böyük hesabla məğlub edib - 4:1.

Xatırladaq ki, turun ilk oyun günündə “Bolonya” öz meydanında “Breşiya”nı məğlub edib (2:1), “Kalyari” - “Parma” oyununda isə qalib müəyyənləşməyib (2:2). “Roma” isə səfərdə gözlənilmədən “Sassuolo”ya məğlub olub (4:2).