Azərbaycan millisi FİFA reytinqində geriləyib

 13:23 27.03.2020     423

FİFA qadınlardan ibarət milli komandaların reytinq siyahısını açıqlayıb.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan milli komandası 2020-ci ilin ilk cədvəlində 1321 xalla 76-cı pillədə qərarlaşıb.

Yığmamız ötən reytinq siyahısı ilə müqayisədə 1 pillə geriləyib. 2019-cu ilin dekabrında millimiz 1326 xalla 75-ci sırada idi.

Komandamızın 5 xal itkisinə hesabat dövründə keçirdiyi oyunun nəticəsi də təsir edib. Milli AVRO-2021-in seçmə oyununda Polşaya evdə 0:5 hesabı ilə uduzub.

Azərbaycanın gerilməsində Albaniyanın da rolu olub. Bu ölkənin yığması iki pillə irəliləyərək komandamızı keçib.

Millinin seçmə mərhələdəki rəqiblərindən İspaniya 13-cü pillədə (1915) qalıbsa, Polşa 2 pillə irəliləyərək 28-ci yerə (1683) yüksəlib. Çexiya 1 addım geriləməklə 29-cu (1678), Moldova 2 pillə aşağı yuvarlanmaqla 92-ci (1228) olub.

Siyahıya ABŞ millisi başçılıq edir – 2181 xal. Almaniya 2090 xalla 2-ci sıradadır. Niderlandı ilk “üçlük”dən sıxışdırıb çıxaran Fransa 2036 xala malikdir.

Qeyd edək ki, cədvəldə dünyanın 159 millisi yer alıb. //APAsport