"Barselona" azərbaycanlı futbolçunu transfer edir - AÇIQLAMA
Dünyanın ən məşhur futbol klublarından olan "Barselona" klubunda ilk dəfə olaraq azərbaycanlı futbolçu oynayacaq.
Redaktor.az xəbər verir ki, "Barselona"da oynamaq şansı qazanan futbolçu hazırda valideynləri ilə birlikdə İspaniyada yaşayan Turan Qasımlıdı. Məsələylə bağlı Turanın atası Cəmşid Qasımlı ilə əlaqə saxladıq. O bildirdi ki, 10 yaşlı oğlu 5 yaşından karate idman növü ilə məşğul olub və 6 yaşında Azərbaycanda uşaqlar arasında keçirilən turnirdə ölkə çempionu adını qazanıb. Sonradan valideynləri ilə birlikdə İspaniyanın Malaqa şəhərinə köçən Tural orda da qısa dönəmdə karete ilə məşğul olub.
Lakin sonradan azərbaycanlı uşaq öz istəyi ilə "Malaqa" klubunun uşaq futbol məktəbinə yazılıb və qısa müddətdə məşqçilərin diqqətini çəkib:
"Buna səbəb Turanın solaxay olması, ancaq sağ ayağı ilə də zərbələri dəqiq vura bilməsi, hər iki ayağını oyun zamanı aktiv işlədə bilməsi olub. Həmçinin Turalın sürətli qaçışı, mükəmməl ara ötürmələri onu digər həmyaşıdlarından fərqləndirib".
Turanın valideynləri onun 2018-2019 mövsümündə La Liqadakı "Benjamin"də A komandasına yüksəldiyini və sezonun ikinci dövrəsində 7 nömrəli formanı geyinərək komandanın vacib oyunçusuna çevrildiyini söyləyib.
İkinci dövrədə 15 oyunun hamısında meydana start heyətdə çıxıb. Yarımmüdafiənin mərkəzində və ya sol qanadda oynamasına baxmayaraq, 14 qol 17 məhsuldar ötürməylə rəğbət qazanıb.
Bununla yanaşı, o, öz klubunda ilin ən dəyərli oyunçusu seçilib. 2019-2020 sezonunun başlanğıcında İspaniyada xərçəng xəstələri olan qadınlar üçün yardım məqsədilə Qranada şəhərində xeyriyyə oyunu təşkil edilib və bu matça İspaniyanın hər tərəfindən 100 istedadlı və gələcəyi parlaq görülən uşaqlar dəvət edilib.
Turan Qasımlı da həmin oyuna dəvət edilib. Uşaqlar 25 nəfərdən ibarət 4 komandaya bölünərək 3 oyuna çıxıblar. Hər biri ayrı-ayrı komandalardan dəvət olunmasına rəğmən, Turanın komandası finalda onun vurduğu 2 qol və bir məhsuldar ötürməylə 3-1 hesabı ilə qalib gəlib.
Həmin oyunu izləməyə gələn ispan klublarının skautları arasında sözsüz ki, "Barselona" məşqçiləri də olub.
C.Qasımlı onu da bildirib ki, oğluna "Barselona"dan 6 illik müqavilə təklifi gəlib. "Barselona"nın skautlarından olan Marko Turanın atasına zəng edərək, onu istədiklərini deyib:
"Hazırda oğlumu məşhur futbolçu İskonun müəllimi Xuan Zafra Qutyerez çalışdırır. Hər şey yolunda gedərsə, Turan "Barselona"da oynayan ilk azərbaycanlı kimi tarixə düşəcək". //Sputnik Azərbaycan
















