"Instagram" şübhəli hesablardan şəxsiyyəti təsdiq edən sənədi tələb edəcək

 00:33 16.08.2020     675

"Instagram" fotoservisi şübhəli davranışlara sahib istifadəçi hesablarından şəxsiyyəti təsdiq edən sənədi tələb edəcək.

Redaktor.az xəbər verir ki, "Instagram" təmsilçiləri bunu etməklə istifadəçi hesablarının öz abunəçilərini nə zaman yanlış fikirlərə yönəltdiklərini anlaya, onları məsuliyyətə cəlb edə və sosial cəmiyyətin təhlükəsizliyini təmin edə biləcəklərini bildiriblər:

"İstifadəçi tərəfindən təqdim olunacaq sənəd dövlət tərəfindən və ya hansısa qeyri-hökumət təşkilatı tərəfindən verilmiş sənəd ola bilər. Bəzi hallarda hətta istifadəçinin selfi fotosuna  da ehtiyyac duyula bilər. Biz istifadəçilərin sənədində yoxlanmaya ehtiyac duyulmayan heç bir konfidensial məlumatı götürmürük (identifikasiya nömrəsi və ya sosial sığorta). Sənədi göndərməmişdən öncə üzərində bizə lazım olmayan məlumatları gizlətməyiniz məsləhət görülür”. 

Təsdiq üçün birinci qrupdan olan bir ədəd sənəd kifayət edir. Məsələn, doğum və ya nikah haqqında şəhadətnamə, sürücülük vəsiqəsi, pasport və s. İstifadəçi həmçinin ikinci qrupa daxil olan sənədlər də təqdim edə bilər.

Bu halda o, 2 ədəd sənəd təqdim etməli olacaq. Bu qrupa bank çıxarışları, nəqliyyat bileti, çek kitabçası, kredit kartı və s. daxildir. İkinci qrupa daxil olan sənədləri təqdim edən zaman həmin sənədlərdə istifadəçinin adı, soyadı, ata adı və ən azı birində fotosu olmalıdır.

İstifadəçidən şəxsiyyəti təsdiq edən sənədin təqdim olunmasının vacibliyini "Instagram" bir sıra özəlliklərlə təyin edəcək. 

Şirkət qeyd edib ki, bu yeni qayda "Instagram" cəmiyyətinin çox az hissəsinə aid ediləcək. Əgər istifadəçi hesabının sahibi öz şəxsiyyətini təsdiqləsə, onun hesabı əvvəlki kimi çalışmağa davam edəcək. Bu halda istifadəçi tərəfindən təqdim edilmiş sənəd şirkət arxivlərində 1 ay müddətində saxlanılacaq. Lakin əgər istifadəçi lazımi sənədləri təqdim etməsə onun hesabı ya bloklana ya da servisdə məhdudlaşdırıla bilər.