Xiaomi brendi Poco X3 NFC smartfonunu təqdim edib - QİYMƏTİ

 06:23 11.09.2020     320

 Xiaomi-nin Poco brendi Poco X3 NFC adlı yeni smartfon modelinin onlayn təqdimatı keçirib.

Redaktor.az xəbər verir ki, bu il Poco brendinin satışa çıxmış smartfon modellərindən fərqli olaraq Poco X3 NFC modeli Xiaomi və ya Redmi smartfonlarının oxşar versiyası deyil. Belə ki, təqdim olunmuş yeni smartfon unikal dizayn, Qualcomm prosessoru və digər maraqlı özəlliklər əldə edib. Beləliklə Poco X3 NFC modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym LCD ekrana sahibdir

Məlumata əsasən ekran tezliyi əks olunan kontentə uyğun olaraq dinamik şəkildə dəyişir. Bununla yanaşı smartfonun ekranı HDR10 texnologiyasını dəstəkləyir və Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Digər texniki özəlliklərə gəldikdə isə Poco X3 NFC modeli yeni Snapdraogn 732G prosessoru, Adreno 618 qrafik çipi, 6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (256 GB-kimi microSD dəstəkli), 64 MP (f/1.89 diafraqmalı Sony IMX682) + 13 MP (ultragenişbucaqlı obyektiv) + 2 MP (makroobyektiv) + 2 MP (ToF sensor) dördlü arxa kamera, 20 MP-lik (f/2.2 diafraqma) ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5160 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Qeyd etmək lazımdır ki, barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya olunub. Adından da göründüyü kimi sözügedən smartfonun əsas özəlliyi ondan ibarətdir ki, o, NFC modula sahibdir. Bunun vasitəsilə istifadəçilər kontaktsız ödənişləri reallaşdıra biləcəklər. Poco X3 NFC smartfonu Poco Launcher interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Avropada 64 GB daxili yaddaşa sahib versiya 229 avroya, 128 GB daxili yaddaşa sahib versiya isə 269 avroya satılacaq. Satışlara sabah start veriləcək. //Milli.az