Sizə göndərilən bu SMS-ə cavab verməyin - Erməni təxribatçılarıdır...

 10:39 05.10.2020     1365

Erməni təxribatçılar sosial mediada yanlış videolar, şəkillər, hətta səs yazıları təqdim edirlər. Məqsəd əhali arasında çaşqınlıq, ruh düşkünlüyü yaratmaqdır.

Bu barədə Redaktor.az-a danışan Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib ki, müharibə dövründə belə hallar qaçınılmazdır:

“Müşahidələr onu göstərir ki, Ermənistan tərəfindən təxribat tipli məlumatların yayılması çoxdur. Təbii ki, ön cəbhədə müharibə gedirsə, arxa cəbhədə də çaşqınlıq yaranması üçün informasiya müharibəsi var. Qarşı tərəfin məqsədi insanlarda ruh düşkünlüyü, çaşqınlıq yaratmaqdır. Bu məqsədlə müxtəlif yollardan istifadə edirlər. İnformasiya dövrü olduğu üçün ən əlçatan vasitə sosial mediadır. Düzdür, hazırda internet üzərində bir sıra məhdudiyyətlər var. Bu məhdudiyyətlər də sırf təxribat xarakterli dezinformasiyaların yayılmasının qarşısını almaq üçündür. Yeganə vacib məqam vətəndaşların ayıq olmasıdır. Müvafiq qurumlar belə hallarla bağlı daimi açıqlamalar edirlər. Həmin açıqlamaları diqqətli izləmək lazımdır. Həmçinin, sosial şəbəkələrdə insanların diqqətini çəkmək üçün müxtəlif başlıqlı mesajlar göndərilir. Onlar əsasən insanları çaşdırmaq, sosial media vasitəsilə müəyyən məlumatları əldə etmək istəyirlər. Buna görə də vətəndaşlar qəbul etdikləri mesajlarda diqqətli və ayıq olsalar yaxşıdı”.

Şəfəq Samed / Redaktor.az