"WhatsApp"-ın yeni qaydaları nədir? - EKSPERT İZAH EDİR

 11:45 11.01.2021     292

"Azərbaycandilli sosial media məkanı, media qurumları "WhatsApp"-la bağlı məsələni ifrat dərəcədə şişirdirlər. Düşünürəm ki, ciddi narahatlıq üçün əsaslar yoxdur. Biz uzun müddətdir ki, bütün sosial resurslardan, o cümlədən "WhatsApp"-dan pulsuz bəhrələnirik. Təbii ki, əvəzində bizim datalardan "Facebook" və digərləri istifadə edir".

Bu sözləri Redaktor.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, indi "WhatsApp" da "Facebook"-a məxsus olduğundan bu datalardan reklam məqsədilə də istifadə olunacaq:

"Yəni, pulsuz şəkildə bu xidmətlərdən istifadənizin əvəzinə, sizin razılığınız olmadan sizə reklam gələcək. Məhz bu tip mesaj və reklamlar alanda diqqətli olmaq lazımdır. Adi istifadəçinin yazışmaları heç kimə lazım deyil. Burada hansısa risklər yoxdur. Sadəcə dövlət və böyük biznes qurumlarının əhəmiyyətli məlumatlarının bu resurslar vasitəsilə açıqlanması risklər yarada bilər. Bu resusların sahibi xarici vətəndaş, resurs da xarici olduğundan bizim üçün həmişə dayanıqlıqla bağlı risklər var.

Hazırda Konqresdə "Facebook", "Google", "Apple" və s. ilə bağlı hesabat hazırlanır. Ola bilər ki, yaxın müddətdə bu resurslar məcburən parçalansın və "WhatsApp"-ın sahibi başqa biri olsun və daha başqa qaydalar olsun. Odur ki, paralel olaraq digər resurslardan ( "Telegram", "Signal" və s) istifadə etmək doğru olardı. Onu da nəzərə alaq ki, "Telegram" da rus vətəndaşına məxsusdur.

Diqqət yetiriləcək məqam bizim şəxsi məlumatlarımızın, müxtəlif dövlət və qeyri-dövlət sektorunun data bazalarında  məlumatların nə dərəcədə qorunmasıdır. Hələlik bizim şəxsi məlumatların qorunması Avropanın yeni data qoruma (GDPR) standartlarına uyğunlaşdırılmayıb.

Fikrimcə, biz ölkə daxilində fərdi məlumatların qorunması ilə bağlı qanunvericiliyin Avropanın data qoruma (GDPR) standartlarına uyğunlaşdırması və təhlükəsizliyin gücləndiriıməsinə diqqət yetirməliyik".

Qeyd edək ki,  “WhatsApp” tətbiqetmənin davamlı istifadəsi üçün 8 fevral tarixinə qədər təsdiqlənməsi ilə bağlı yenilənmiş gizlilik müqaviləsi barədə açıqlama verib. Sözügedən müqavilə Avropa Birliyi (AB) ölkələrinə aid deyil. 

Bildirilir ki, “WhatsApp” insanların tətbiqetmədən alış-veriş etməsini və müəssisələrdən dəstək almasını asanlaşdırmaq istəyir:

“Şəffaflığı daha da artırmaq və müəssisələrin “WhatsApp” vasitəsilə müştəriləri ilə ünsiyyət qurmasına kömək etmək üçün gizlilik siyasətimizi yeniləyirik. Bu sayədə müəssisələr ana şirkətimiz “Facebook” vasitəsilə etibarlı hostinq almaq imkanı qazanacaqlar.

Bu yeniləmə “WhatsApp”ın “Facebook”la məlumat paylaşmasını dəyişdirmir, insanların dünyanın harasında olursa-olsun, dostları və ya ailəsi ilə xüsusi ünsiyyət qurmalarına təsir göstərmir”.

Qeyd edilir ki, “WhatsApp”da dostlarınız və ailənizlə etdiyiniz söhbətlər və mesajlar şifrələmə ilə qorunurdur. Şifrələmə məlumatın yalnız sizin və söhbət etdiyiniz şəxs tərəfindən oxunub dinlənilməsini təmin edirdi. Üçüncü şəxslər, hətta “WhatsApp” və ya “Facebook”da bu məzmuna baxa bilmirdi.

"WhatsApp"-ın təqdim etdiyi yeni müqavilədə istifadəçilərin hesab, əlaqələr, şəxsi mesajlar, status, biznes və ödəmə, müştəri xidmətlərindən istifadə, istifadə və qeydiyyat, cihaz və internet, məkan kimi bir çox məlumatlarını yaymaq hüququ var. 

Şəfəq Samed \ Redaktor.az