"TikTok"-da YENİ FUNKSİYA

 00:46 07.08.2021     243

Qısa videolar formatı istifadəçilər arasında çox məşhurlaşıb. "TikTok" servisi isə bu formatı daha çox genişlənməsinə səbəb oldu.

Redaktor.az xəbər verir ki, hazırda bu servis rekord göstəricidə gəlir gətirir və bütün dünya üzrə ən çox yüklənən tətbiqlər sırasında yer alır.

Əgər siz "TikTok"-dan istifadə edirsinizsə, deməli onun əyləncəli funksiyalarından xəbərdarsınız. Lakin məlum olub ki, "ByteDance" şirkəti servisin daha bir funksiyası üzərində çalışır və yeni funksiya bazardakı digər rəqiblər olan "Instagram" və "Snapchat"dan ilhamlanıb.

Söhbət, "TikTok Stories"dən gedir. Adından da bəlli olduğu kimi, istifadəçilər bu funksiya sayəsində öz hesablarına "Stories" paylaşımlarını əlavə edə biləcəklər və həmin paylaşımlar 24 saatdan sonra avtomatik olaraq silinəcək.

Digər "TikTok" istifadəçiləri isə paylaşılmış "Stories"ə reaksiya verə və rəy bildirə biləcəklər.

Bundan əlavə, istifadəçilər müxtəlif musiqilər və mətnlər vasitəsilə kreativ Stories videoları da yarada biləcəklər. Hazırda "TikTok Stories" funksiyası test rejimində çalışır. Lakin buna baxmayaraq, artıq istifadəçilərin çox hissəsi bu funksiyanı əldə edib.