“iPhone 13” təqdim edildi

 02:28 15.09.2021     428

“Apple” özünün illik təqdimat mərasimində yeni “iPhone” modellərini təqdim edib.

Redaktor.az xəbər verir ki, yeni model “iPhone 13” adlandırılıb – “iPhone 13”, gözlənildiyi kimi, həmçinin “iPhone 13 mini”, “iPhone 13 Pro” və “iPhone 13 Pro Max” da işıq üzü görüb.

Şirkətin rəhbəri Tim Kuk yeniliyi şəxsən elan edib. Yeni model xarici görkəminə görə əvvəlki 12-ci seriyaya çox bənzəyir.

Smartfonlar beş yeni rəngdə təqdim olunub, yeni super-suyadavamlı şüşə ilə təchiz edilib, “iPhone 13” və “iPhone 13 mini” modellərində “Super Retina XDR” displeyi yer alıb.

Bütün yeni cihazlarda aparat platforması kimi 5-nanometrlik yeni “Apple Bionic A15” prosessor yerləşdirilib. Şirkət əmin edir ki, yeni “iPhone” təkmilləşdirilmiş ekrana və daha güclü prosessora malikdir, bu isə batareyanın ömrünü artırır.

Əsas yeniliklərdən biri ekran kəsintilərinin azalmasıdır – bu, “FaceID” sisteminin tətbiqindən ilk dəfə baş verir. “iPhone 13” və “iPhone 13 mini” fərqli kamera quruluşuna malikdir – indi onlar diaqonal şəkildə yerləşdirilib.

“iPhone 13 Pro”nun qiyməti 999 dollardan, “iPhone Pro Max”ın qiyməti isə 1099 dollardan başlayır və 128, 256, 512 GB yaddaş həcmləri təklif olunur. İlk dəfə olaraq 1 TB variantı da buraxılacaq.

Şirkət digər “Apple” cihazlarını – “AirPods” qulaqcıqlarını, “Apple Watch Series 7” ağıllı saatlarını və təkmilləşdirilmiş performansa malik yeni “iPad mini”ni də nümayiş etdirib. //APA