Azərbaycanda elektron səsvermə tətbiq olunacaq? - AÇIQLAMA

 11:11 05.10.2021     1536

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Bəxşeyiş Əsgərov Azərbaycanda keçirilən seçkilərdə elektron səsvermənin tətbiqi barəsində danışıb. O bildirib ki, gələcəkdə Azərbaycanda elektron səsvermə sisteminin tətbiqi nəzərdə tutulur.

Bəs görəsən ölkəmizdə elektron səsvermə sisteminin təbiqi nə dərəcədə reladır? Bunun üçün infrastruktur və kadr təminatı varmı?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili Redaktor.az-a açıqlamasında bildirib ki, artıq dünyanın bir çox ölkələrində pilot layihələr olaraq elektron səsvermə sistemi tətbiq edilir:

“Əsas məsələ təhlükəsizliyin təmin olunması və identikliyin müəyyən edilməsi ilə bağlıdır. Hesab edirəm ki, gələcəkdə Azərbaycanda da müəyyən dairələrdə pilot layihə olaraq elektron səsvermə üsulu tətbiq edilə bilər. Qeyd etdiyim kimi ən inkişaf etmiş ölkələrdə belə elektron seçki bütün ölkə ərazisini əhatə etmir. Bunun üçün ciddi kadr təminatı və infrastruktur lazımdır. İnsanların buna marağı olmalıdır. Düzdür, Azərbaycanda bu istiqamətdə işlərin böyük qismi tamamlanıb. Əhalinin böyük qismi internet istifadəçisidir. Amma hesab edirəm ki, informasiya təhlükəsizliyi istiqamətində hələ də görüləsi çox işimiz var. Elektron seçki ənənəvi seçkini tam əvəzedəcək səviyyədə deyil. Hələlik bu məsələ Milli Məclisin gündəmində deyil”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Bakı şəhərində və texnologiyaların inkişaf etdiyi və dayanıqlı olduğu ərazilərdə pilot qaydada bu təcrübədən yararlanmaq olar:

“21-ci əsr texnologiya əsridir və müasir çağırışlar texnologiyaya əsaslanır. Bunun üçün əvvəlcədən hazırlıq işləri görülməlidir. Elektron səsvermədə şəffaflıq və təhlükəsizliyin təminatı çox vacibdir. Qonşu ölkələrin ölkələrin təcrübəsi göstərir bu elə də asan məsələ deyil. Məsələn, Rusiyada bu yaxınlarda seçkilər oldu. Orada hətta ən müasir blokçeyn texnologiyalarından istifadə edilərək elektron səsverildi. Lakin Rusiyada tətbiq edilən bu sistemlə bağlı böyük narazılıqlar oldu. Hətta əhali etiraz edərək elektron səvermənin keçirildiyi  ərazidə səslərin yenidən sayılmasını tələb etdi”.

Ekspert bildirib ki, Azərbaycanda belə bir addım atılacaqsa, əvvəlcədən buna hazırlıq işi görülməlidir: “İnfrastrukturun dayanıqlı olduğu ərazilərdə pilot qaydada bu sistem tətbiq edilə bilər. Təhlükəsizlik tədbirləri və şəffaflığın təmin olunması üçün ciddi işlər görülməlidir. Cəmiyyət elektron səsvermənin şəffaf və güvənilir olmasını qəbul etməlidir. Hazırda Azərbaycanın seçki məntəqə və dairələrində infrastruktur buna imkan verir. Böyük dairələrdə mərkəzi informasiya sistemi qurulub. Lakin proqram təminatı ilə bağlı ciddi çatışmazlıqlar var. Həmçinin elektron səsvemrədə hansı texnologiyalardan istifadə ediləcəyi bəlli deyil. Səsvermə proqramları əvvələcədən hazırlanması və testdən keçirilməlidir”.

Şəbnəm Mehdizadə