Feysbukda paylaşımlar niyə hər kəsə çatmır?

 17:13 05.11.2021     2082

Son vaxtlar "Facebook" sosial platformasında istifadəçi qruplarında olunan paylaşımlar yetərli auditoriyaya çatmır. Bu hal demək olar bütün qruplara aiddir. Məlumdur ki, geniş istifadəçi kütləsinə malik olan "Facebook"da hər kəs eyni vaxtda paylaşım etdikdə həmin informasiya kontentinin görsənmə rəqabəti artır. Paylaşımların eyni anda istənilən auditoriyaya çatması üçün nələrə diqqət yetirilməlidir? 

Sualları ünvanladığımız internet mütəxəssisi Şaiq Muradov Redaktor.az-a açıqlamasında deyib ki, sözügedən problem informasiyanın məzmunundan və istifadəçi auditoriyasından asılı deyil və konkret şirkətin alqoritm dəyişikliyi ilə bağlıdır:

“"Facebook", "Instagram", "Twitter" kimi bir sıra sosial şəbəkələr tez-tez öz alqoritmlərini dəyişirlər. Onlar bu alqoritmlər dəyişəndə ona diqqət yetirirlər ki, daha əvvəl heç bir reaksiya almayan kənarda qalan kontentlər üzə çıxsın və daha çox paylaşım edən, bir növ spam xarakterli istifadəçilər mümkün qədər aşağı görünüş reydinə gətirilsin. Ona görə bu ondan qaynaqlanır və xüsusi bir səbəbi yoxdur. Əgər sosial mediada paylaşım olan kontent bloklanıbsa, heç bir halda bu kontent paylaşılmamış olur. Yəni bunun spamla və bloklanma ilə əlaqəsi yoxdur.

Ekspert "Facebook" qruplarında olunan paylaşımın aktiv istifadəçilərə çatmamasının şirkətin adının dəyişməsi ilə bağlı olub-olmaması fikirlərinə də aydınlıq gətirib:

"“Facebook" sosial şəbəkəsinin adının dəyişməsi şirkətin adı ilə əlaqədardır. Yəni, sadəcə şirkət adını dəyişib, şəbəkə deyil. Əvvəl “WhatsApp”, “Instagram” və digər sosial şəbəkələrinin əsas şirkəti “Facebook” adlanırdı. İndi isə bildiyimiz kimi, bu ad dəyişdirilərək "Meta" adlandırılır. Eynisini daha əvvəl “Google” da etmişdi. Qruplarda paylaşımların daha çox istifadəçilərin aktivliyindən asılı olan bir şeydi və bəzi qruplar var ki, onlar öz daxili istifadəçilərlə işləyirlər. Bu zaman o qruplarda paylaşımlar daha çox görünür. İndiki dövrdə informasiya paylaşımında istifadəçilərə birbaşa çatmağın ən yaxşı yollarından biri “Telegram” kanallarıdı".

Nuranə TOFİQLİ