"TikTok" Azərbaycanda qadağan olunacaq? - RƏSMİ AÇIQLAMA

 14:07 22.11.2021     1001

Dünyada çox geniş yayılmış və məşhur olan "TikTok" sosial şəbəkəsi Azərbaycanda da son illərdə ən çox istifadə olunan tətbiqlər sırasındadır. Daha çox gənclər və yeniyetmələr arasında populyar olan "TikTok" virtual proqramı artıq daha yaşlı kateqoriyalı insanlar tərəfindən də geniş istifadə olunur. Lakin hazırda digər sosial şəbəkələrindən fərqli olaraq, "TikTok"un adı çəkiləndə çox vaxt qeyri-ciddi və bayağı paylaşımlar olunan platforma ağıla gəlir. Çünki ən çox uşaqları, yeniyetmələri və gənc nəsli özünə cəlb etdiyi bu platformada senzura və etik çərçivələr mövcud deyil.

Bununla da normal həyat prinsipinə uyğun olmayan filtrlənməmiş kontent müxtəlif həyat prinsiplərinə uyğun olmayan paylaşımlar edilir. Hətta sözügedən platformada paylaşılan musiqili videolarda həddindən artıq bayağı, bəzən nalayiq, savadsız düşüncələrin təbliği ilə yanaşı bir çox hallarda burada narkotik maddələrin istifadəsini, qeyri-qanuni əməllərin təbliğatını aparan musiqili videolar paylaşılır.

Bir neçə gün bundan öncə Bakıda Vətən müharibəsi iştirakçısı "TikTok” sosial şəbəkəsində paylaşdığı videoda yazdığı nalayiq ifadələrə görə qətlə yetirilmişdi. Aidiyyəti qurumlar qeyd olunan hadisələrlə bağlı müvafiq tədbir görsə də, "TikTok”da narkotikin, psixotrop maddələrin satışı və təbliğini əks etdirən paylaşımlar yayılmaqdadır. Bəs sözügedən hadisələrə görə Azərbaycanda "TikTok” sosial platformasında insanların, xüsusilə gənc və yeniyetmələrin tərbiyyəsinə zidd paylaşımlar olunduğuna, narkotikə və digər cinayət əməllərinə sürükləyən videolar yayılmasına görə tətbiqin qadağası, yaxud istifadəsi iə bağlı hər hansı məhdudiyyət qoyulması gözlənilirmi?

Suala cavab almaq üçün bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi ilə yayılması qadağan edilən məlumatlar, eləcə də qeyd olunan məlumatların müvafiq internet infromasiya ehtiyatından götürülməsi üzrə hüquqi və texniki prosedurlar müəyyənləşdirilib. Qeyd olunanlarla yanaşı, adıçəkilən Qanuna uyğun olaraq yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi halları ilə bağlı fiziki, hüquqi şəxslərdən və ya dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (www.cert.az, 1654) tərəfindən müvafiq tədbirlər həyata keçirilməkdədir.

Jurnalist və texno-bloqqer Fərid Pərdəşünas isə mövzu ilə bağlı saytımıza açıqlamasında bildirib ki, Azərbaycanda "TikTok”a hər hansı qadağa, yaxud məhdudiyyət qoyulması gözlənilmir. O vurğulayıb ki, bu sosial şəbəkəni bloklamaq mənasızdır, çünki kütlə platformaya qoşulmağın digər yollarını tapır: 

“Azərbaycanda internet senzurası olduğu üçün hələ ki, belə bir addımın atılması nəzərdə tutulmayıb. Bəzi ölkələr müvəqqəti vaxtlarda "TikTok”u bloklasa da, sonradan onu bərpa etdilər. Ümumiyyətlə "TikTok” sosial şəbəkəsi elə bir platformaya çevrilib ki, artıq onu bloklamaq mənasızdır. Çünki indi insanlar VPN vasitəsilə də olsa, ondan istifadə edib "TikTok” qoşulurlar. Sadəcə "TikTok” da hər bir sosial platforma kimi birnci aşağı yaş qrupunda olan yeniyetmə kütləni özünə cəlb edir, daha sonra isə brendlərə keçid artıq yavaş-yavaş müşahidə olunur. Hazırda o keyfiyyət dəyişimi dövründədir, yəni artıq kifayət qədər ciddi insanlar, brendlər, şirkətlər platformaya axın edərək orada kontent yaratmağa başladığı üçün o balans yavaş-yavaş qorunur. Daha sonra balansla yaxşı faydalı kontent daha ön plana çıxacaq, nəinki nəzərdə tutulmuş aşağı səviyyəli kontentlər. Yəni feysbuk, insatqram da fəaliyyətə başladığı dövrlərdə də belə hallarar yaşayırdı. Lakin sonrakı illərdə artıq göstərdi ki, kifayət qədər insanlar platformaya qoşulmağa başladı. Eyni şey "TikTok" üçün də keçərlidir. Son vaxtlarda "TikTok”da cinayət əməlləri, narkotikin təbliği ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər görülüb. Son aylar ərzində bir neçə dəfə "TikTok"da narkotik çəkməsinə təbliğ edən musiqilərlə videolar çəkmiş şəxsləri saxlanılıb və barələrində inzibati cəza tətbiq edilib".

F.Pərdəşünas qeyd edib ki, "TikTok”da hesab açmaq üçün yaş limiti olmasına baxmayaraq, qeyd olunan yaşa çatmayan şəxslər də qeydiyyatdan keçə bilirlər.

""TikTok”da ancaq platformanın təyin etdiyi yaş məhdudiyyəti qoyulub, yəni ölkə ona əlavə yaş məhdudiyəti qoya bilməz. "TikTok”da qeydiyyatdan keçən zaman yaş limiti var, lakin bir çox insan da öz yaşını doğru göstərmir, rahatlıqla keçə bilir. Bu, təkcə "TikTok”la deyil, bütün sosial şəbəkələrə də aiddir. Feysbukda 13 yaş limiti qoyulsa da, buna heç cür əməl olunmur. Belə ki, yaşı çatmayanlar da qeydiyyatdan keçə bilirlər. Bu yaş məsələsi sosial şəbəkələrin problemidir və həll olunmur. Belə olan halda gərək şəxsiyyət vəsiqəsi ilə qeydiyyat olsun, bu da şəxsin fərdi məlumatlarının götürülməsinə səbəb olduğu üçün təhlükəli sayılır".

Qeyd edək ki, "TikTok”da da qeydiyyatdan keçərkən doğum tarixi daxil edilir. Platformanın şərtlərinə görə, hesab açmaq üçün minimum yaş 13 yaş təyin olunub. 

Nuranə Tofiqli