Azərbaycanda mobil telefon bazarında IMEI kod dələduzluğu - ARAŞDIRMA

 12:45 15.12.2021     1348

Azərbaycanda xarici ölkədən gələn yeni telefonların qeydiyyata alınması ilə bağlı yeni dələduzluq metodu meydana gəlib. Belə ki, bəzi telefon satıcıları xaricdən gələn telefonların ucuz qiymətə IMEI qeydiyyatın aparırlar. Bu metodla da onlar başqa cihazların və yaxud hazırda aktiv olan başqasına məxsus smartfonların IMEI kodlarını yeni gələn cihazlara klonlayıb satırlar. Nəticə etibarilə telefon sahibləri üçün ciddi təhlükə yaranır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən texnoblogger Fərid Pərdəşünas bildirdi ki, cihazın IMEI kodu onun kimliyi hesab olunur və onun klonlanıb satılması ciddi təhlükəyə gətirib çıxara bilər:

“Ümumiyyətlə IMEI kodlar Beynəlxalq GSM Asosiyasiyyası tərəfindən smartfonlara verilən rəqəmlər kombinasiyasıdır və smartfonların identifikasiyası üçün lazım olan əsas alətdir. Yəni, belə deyək ki, smartfonların kimliyi hesab olunur və bu, hər bir smartfona uyğun unikal kodlar generasiya olunur. Bəzi dövlətlər isə smartfon idxalına nəzarət etmək üçün və yaxud saxta smartfonun girişinin qarşısını alması üçün IMEI qeydiyyat prosesini ölkə daxilində həyata keçirirrlər. Azərbaycan da həmin ölkələr qrupuna aiddi və ölkəmizə daxil olan olan smartfonlar həm hüquqi, həm də fiziki şəxslər tərəfindən IMEI qeydiyyatdından - məlumat hesablama mərkəzinin rəsmi saytı olan imei.az saytından keçirlməlidir. Bu proses də ödənişlidir. Hər cihaza görə müəyyən dövlət rüsumlar tətbiq olunub. Rəsmi qaydada bu rüsumlar cihazın identifikasıyasına, xüsusiyyətlərinə və qiymətinə görə alınır. Lakin biz son zamanlar Azərbaycanda görürük ki, bəzi idxalçılar, xüsusilə fiziki şəxslər ölkəyə gələn məhsulları saxta formada IMEI klonlaşdırmasından istifadə edərək bu rüsumlardan yayınır və köhnə telefonların, yaxud mövcud IMEI kodları birbaşa yeni telefonların kodu ilə əvəzləyir. Belə olan halda həmin idxalçılar bu cihazları daha ucuz versiyada sata bilirlər, daha ucuz qiymətə bazara təklif edirlər. Lakin insanlar başa düşmür ki, klonlanmış, yaxud saxta bir IMEI daşıyıcısı telefona sahibdirlər. Yəni fiziki olaraq müqayisə etsək, bir şəxs bir kimliyə sahibdir, lakin bu kimlik, şəxsiyyət vəsiqəsi başqa bir neçə şəxsdə də var. Telefon cihazları da belədir. Əgər həmin telefonun sahibi bir cinayət əməlində iştirak etsə, o IMEI kodla klonlanmış telefon əgər sizdə də varsa, həmin IMEI nömrəyə görə siz də məsuliyyətə cəlb olunub, sorğu-suala cəlb oluna bilərsiniz. Yaxud beynəlxalq təctübəni əsas götürsək, bəzi ölkələr, xüsusilə Türkiyə təcrübəsində IMEI klonlaşdırmasına görə bloklama təyin edirlər. Yəni kimsə sizin IMEI kodu klonlayıb köçürübsə, artıq onun cihazı bağlanır və zəng gəlib-getməsi əngəllənir".

Həmsöhbətimiz qeyd etdi ki, ümumiyyətlə, IMEI kodlarının qeydiyyatı GSM üçün nəzərdə tutulubdur:

"Yəni danışıqları həyata keçirmək üçün mobil operatorlardan istifadə etmək üçün IMEI kodu ölkəmizdə tələb olunur və bu, rəsmi qaydada imei.az saytında aparılır. Əgər kimsə dövlət rüsumundan aşağı rüsumla IMEI qeydiyyatı sizə təklif edirsə, deməli bu, işbazdır və müxtəlif metodlardan - texniki əllərdən, kiber müdaxilələrdən istifadə edərək, başqa bir cihazın IMEI kodunu sizin cihaza təyin edir. Beləcə siz gələcəkdə təhlükə altda ola bilərsiznz, çünki sizin smartfonun IMEI kodunu başqa bir cihaz da daşımış olur. Ona görə də bu işbazlara aldanmaq lazım deyil. Sadəcə imei.az saytı vasitəsilə qeydiyyatdan keçmək lazımdır və yaxud öz IMEI-nizi öyrənmək üçün *#06# kombinasiyasını samartfonda yığıb IMEI kodunu həmin saytda yoxlatmaq lazımdır.

Hətta bəzi smartfonlar oğurluq hal olduğu halda həmin sistemdə çıxır. Xüsusən ikinci əl telefonlar alan zaman bunu mütləq sorğulamaq lazımdır ki, cihaz kreditdədir, yoxsa deyil. Bu da qeyd etdiyimiz sayt vasitəsilə aparılır. Bu zaman orada göstərilir ki, cihaz kreditdədir, oğurluqdur, bunun istifadəsinə icazə verilir, ya yox”.

Hüquqşünas Sahib Məmmədov IMEI kodlarının qanunsuz qeydiyyata alınması və saxta klonlaşdırmanın hüquqi əhəmiyyətindən danışarkən bildirdi ki, bu qanunsuzluq dəymiş ziyandan asılı olaraq məsuliyyətə səbəb olur:

“Bu, dələduzluqdu və vurulan ziyandan asılı olaraq məsiliyyət yaradır. Dəyən ziyan külli miqdardadırsa, bu artıq cinayət məsiliyyəti yaradır. Əgər dəymiş ziyan miqdarı aşmırsa, bu zaman inzibati xəta kimi buna görə inzibati məsuliyyət nəzərdə tutulur. Külli miqdarda zərər vurma olduqda isə bu hal bir deyil, onlarla, yüzlərlə telefon üçün olunub. Bununla da dövlətə külli miqdarda ziyan dəyib və bu, artıq dələduzluqdur, cinayət məsiliyyətinə səbəb olur”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən saytımıza bildirildi ki, ölkədə qeyd olunan dələduzluq halları mövcuddur və bununla mübarizədə işlərə başlanılıb:

"Azərbaycan Respublikasına daxil olan və ölkədə istifadəyə verilən bütün mobil cihazların qeydiyyatı Mobil Cihazların Qeydiyyat Sistemi tərəfindən aparılır. Bundan əlavə, qeyd edək ki, IMEI qeydiyyatına beynəlxalq assosiasiya  (GSMA) tərəfindən də nəzarət olunur və həmin qurum üçün Azərbaycanda tənzimləyici yeganə rəsmi təşkilat Mobil Cihazların Qeydiyyat Sistemidir. Ucuz “qeydiyyat” adlandırılan proses başqasına məxsus smartfonların IMEI-lərinin yeni gələn telefonlara yazılmasıdır. Ölkəmizdə belə qeyri-qanuni hal mövcuddur və bu IMEI kod surətinin köçürülməsidir (klonlaşdırma). “Klonlaşdırma” ilə mübarizə sahəsində artıq işlərə başlanılmışdır".

Nuranə Tofiqli