"Sosial şəbəkələrdə qadağaların tətbiqi vacibdir" - Deputat

Dünyada ən sürətlə yayılan "Tik-Tok" sosial platforması Azərbaycanda da geniş auditoriyaya malikdir.
Bu gün yaşından asılı olmayaraq bir çox insan bu sosial şəbəkənin əsirinə çevrilib. İstənilən yerdə insanları müşahidə edərkən görə bilərik ki, insanlar gözlərini kiçik ekranlara zilləyib ya gülümsəyir, ya da qaşlarını çatırlar.
Başqa ölkələrdə insanlar nəinki "Tik - Tok"dan, digər sosial şəbəklərədən tamam fərqli üsullarla pul qazanırlar. Amma bizim ölkədə bunun bir adı var, o da biabırçılıq.
"Tik-Tok" məşhurlara pul qazandırırmı? Bəli. Lakin bu qazanc digər sosial platformalardan daha fərqli, elə "Tik-Toka" yaraşan səviyyədə əldə olunur. Belə ki, ya iki məşhur canlı yayıma çıxıb bir-biri ilə dalaşacaq, ya söyüşəcəklər. İzləyici də kimin söyüşünü bəyənsə ona hədiyyə göndərib pul qazandıracaq... Bəziləri açıq-saçıq geyimləri ilə pul qazanır..
Bu səbəbdən Daxili İşlər Nazirliyinin səyləri nəticəsində həmin sosial şəbəkənin istifadəçiləri arasında onlarla narko-tacirlər yaxalanması heç də təsadüfi deyil.
Maraqlıdır, "Tik-Tok" ömrünün hələ yeniyetməlik və gənc dövrünü yaşayan insanlara necə təsir edir?
“Bu gün dünyanın elə bir mərhələsində yaşayırıq ki, bir tərəfdən insanın özünü inkişaf etdirməsi üçün çox gözəl imkanlarımız var. Elm, texnologiya o qədər uğurlar əldə edib ki, bu uğurlar dövlətimizin, xalqımızın, bütövlükdə bəşəriyyətin inkişafı üçün çox şey edə bilərik. İnternet və sosial şəbəkələr də bu nailiyyətlərdən biridir”.
Bu sözləri Redaktor.az-a "Tik-Tok"un cəmiyyətə necə inteqrasiya etdiyini şərh edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, internet və sosial şəbəkələr insan həyatını daha da asanlaşdırıb.
“Sosial şəbəkələrdə insanlar, adətən, yaxşı şeylər paylaşırlar. Amma bir o qədər də təhlükəli, milli dəyərlərimizə, əxlaqımıza və insanlığımıza zidd paylaşımlar görürük. Çıxışlarımda dəfələrlə qeyd etmişəm ki, sosial şəbəkələrdə hansısa limitin, qadağaların tətbiqi vacibdir.
Məsələn, mən özümü idarə edə bilirəm, amma gənclərin, azyaşlıların bu limitə ehtiyacı var. Milli dəyərlərimizə, əxlaqımımıza, insan psixologiyasına zidd olan paylaşımlara mən qətiyyən baxmıram, amma bəs uşaqlar? Bunların hər biri o uşaqların, yeniyetmələrin tərbiyəsinə, əxlaqına pis təsir edir, həm də milli mənəvi dəyərlərimizə uyğunlaşa bilmirlər. Həmin uşaqlarda depressiv hal yaranır. Yadınızdadırsa, “mavi balina” adlı oyun yayılanda nə qədər gənclərimiz, məktəblilərimiz intihar etdi”, - deyə deputat əlavə edib.
M. İbrahimqızı vurğulayıb ki, dəyərlərimizi, adət-ənənələrimizi, milli ruhumuzu qorumaq olduqca önəmli məsələlərdir.
“Dünyada təkcə hərbi güc yetərli deyil. Bir dövlətin gücü millətin gücü, milli ruhun, milli kimliyin, milli dəyərlərin zənginliyindədir. Ən gözəl nümunəni deyim, elə əsgərlərimiz hərbi güclə yanaşı, milli ruhun, milli kimliyin yüksəkliyi nəticəsində mənfur düşməni məğlub etdilər.
Biz gənclərimizi müasir, amma milli ruhda böyütməliyik. İctimai nəqliyyatda müşahidə etmişəm ki, artıq yaşlılara da yer vermirlər. Bu, çox ürək ağrıdan məsələdir. Amma mənim gənclik vaxtımda belə şey mümkünsüz idi. Bu mənada sosial şəbəkələri elə etməliyik ki, hansısa formada nəzarət olunsun, tənzimlənsin. Müəyyən bir filter qoyulsun.
"Tik-Tok"un bağlanmasının tərəfdarı deyiləm, çünki cəmiyyətdə aqressiya ilə qarşılanacaq. Amma indi texnologiya o qədər inkişaf edib ki, onu hansısa formada tənzimləyə bilərlər”,- deyə deputat fikrini tamamlayıb.
Nərmin Vüqarqızı