Ermənistanın mobil operatoru azərbaycanlılara nömrə satıb? – Düşmən ölkə təşvişdə
“Azərbaycan xüsusi xidməti Ermənistanın “Viva MTC” mobil operatorunun nömrələrindən istifadə edirmiş”.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz "Facebook"da paylaşım edib.

O qeyd edib ki, Ermənistanın "Joxovurd" qəzeti yenidən “Viva MTC” operatorunu mobil nömrələri Azərbaycan xüsusi xidmət orqanlarına və Azərbaycan vətəndaşlarına satmaqda ittiham edib:
“Səhmləri Rusiyaya məxsus olan, Ermənistanın ən böyük mobil operatoru olan “Viva MTS” isə yazılanları təkzib edir. Ermənistan xüsusi xidməti də qəzetin iddiasının doğru olmadığını, mobil nömrələrin Azərbaycan pasportu olan şəxslərə satılmadığını və ya hansısa kiber hücumla ələ keçirilmədiyini bildirib.
Xatırladıram ki, ötən illərdə də bu kimi iddialar Ermənistan mətbuatında yer alıb. O zaman Ermənistan Təhlükəsizlik Xidməti Azərbaycan tərəfindən aparılan bu tip fəaliyyətin üstünün açıldığını bildirib. İndi isə “Viva MTC” cəmi iki mobil nömrənin sosioloji sorğu keçirən hansısa şirkətlərə satıldığını bildirib.
Ekspertin sözlərinə görə, qəzet iddia edir ki, məhz bu nömrələrlə Ermənistan vətəndaşlarına zənglər edilib, onlarla Ermənistanda və orduda olan vəziyyətlə bağlı sorğular aparılıb:
“Qəzet Azərbaycan xüsusi xidmətini Ermənistanın mobil operatorlarına məxsus telefonlardan istifadə etməklə bu ölkəyə qarşı "şpionajlıqda" ittiham edib”.
İLTİFAT












