"Azercell"in internet paketləri niyə tez bitir? - AÇIQLAMA

 17:11 21.12.2022     1200

Redaksiyamıza “Azercell Telekom”un internet xidməti ilə bağlı şikayətlər daxil olub. Bildirilib ki, son iki ayda tarifə uyğun alınan meqabaytlar tez bitir. Məsələn, şikayətçilərdən biri qeyd edir ki, əvvəllər 5 manata yüklədiyi internet paketi 10 günə bitirdisə, hazırda 4 günə bitir.

"Əvvəl 1 GB interneti 10 günə qədər istifadə edə bilirdim. Yəni səhər evdən işə, axşam işdən evə gedərkən yalnız ictimai nəqliyyatda xəbər saytlarına, feysbuk və ya votsapa daxil oluram. Heç bir video, tətbiq, ağır proqramlar açmıram, heç nə yükləmirəm. Hətta votsap bildirişləri istisna olmaqla bütün bildirişləri telefonda bağlamışam. Təbii ki, evdə, işdə WiFi var deyə, mobil internetdən istifadə etməyə ehtiyac yoxdur. Hazırda da eyni qaydada - yəni səhər-axşam yolda ikən mobil internetdən istifadə etsəm də, yüklədiyim 1 GB internet 4 günə bitir. Dost-tanışlarım da "Azercell"in internetinin tez bitməsindən gileylənirlər. Ona görə də meqabaytların tez bitməsi məndə şübhə yaradır. Smartfonumu da yeni almamışam ki, deyələr ki, yeni smartfon cihazıdır, yəqin tətbiqlər yenilənir və s. Çünki telefonumda yenilənmələr yalnız WiFi ilə mümkündür", - deyə şikayətçi bildirib.

Bəs, internet paketinin belə tez bitməsinin səbəbi nədir?

Məsələ ilə bağlı Redaktor.az-ın “Azercell Telekom”a göndərdiyi sorğuya cavab olaraq bildirildi ki, 4G (LTE) şəbəkəsi daha yüksəksürətli internet xidmətini təmin edir.

“Nəticədə, iri həcmli məlumatların, multimedia fayllarının həm yüklənməsi, həm ötürülməsi üçün daha çox resurs tələb olunur. Bundan əlavə, əhalinin böyük hissəsinin istifadə etdiyi smartfon cihazları da müxtəlif tətbiqlərlə yüklənmiş olur ki, həmin proqramlar isə, öz növbəsində internet paketinin resursları hesabına daim yenilənir. İstifadəçilərə tətbiqlərdən istifadə etmədikləri zaman onları söndürmək tövsiyə edilir”,- deyə şirkətin açıqlamasında qeyd olunub.

Həmidə İbrahimova