Bakıda kabusa çevrilən “Prius” haqqında MARAQLI FAKTLAR
Son illər dünyada avtomobil alıcıları tərəfindən hibrid maşınlara tələbat artıb. Azərbaycanda da belə avtomobillərin sayı əvvəlki illərə nisbətən xeyli çoxalıb. Xüsusilə hibrid avtomobil olan “Toyota Prius”lar alıcılar arasında daha məşhurdur. "Prius"un qiymətinin digərlərinə nisbətən münasib olması alıcıları həvəsləndirsə də, sözügedən avtomobillərin iştirakı ilə baş verən qəzaların sayının artması hər kəsi ciddi narahat edir.
Nəzərə alaq ki, "Prius"lar əsasən taksi fəaliyyətinə cəlb olunur, belə olan halda vətəndaşların gündəlik istifadə etdiyi sözügedən nəqliyyat vasitələrinin təhlükəsizliyi bizi düşündürməyə bilməz.
Bəs, Azərbaycanın yollarını "bəzəyən", insanların qorxulu kabusuna çevrilən "Prius"la bağlı nələri bilmirik?
“Toyota Prius” dünyanın ilk seriyalı istehsal olunan hibrid avtomobili sayılır. İstehsalçı ölkə Yaponiyadır. Bununla bərabər 2005-ci ildə Avropada ilin avtomobili seçilib. Ölçüsü, təchizatı və qiymətinə müvafiq olaraq orta sinif avtomobil kimi qəbul edilir.
Qeyd edək ki, Toyota 1997-ci ildən indiyə qədər dünyada yeddi milyondan çox hibrid avtomobil satıb. Onun dünyanın 90-dan çox ölkəsində satılan təxminən 30 hibrid modeli var.
Ölkəmizdə bu modelə maraq nədən irəli gəlir?
Redaktor.az xəbər verir ki, dünyada hibrid avtomobillərə tələbat kəskin artıb. Bu tendensiya Azərbaycanda da müşahidə olunur. Bu avtomobillər Azərbaycana əsasən birbaşa ABŞ-dan və ya Gürcüstandan gətirilir. 2006-2008-ci illərdə istehsal olunmuş, ABŞ-dan birbaşa gətirilən avtomobillər əsasən hərrac yolu ilə alınır. Gürcüstana gətirilən maşınlar isə orada təmir olunaraq satışa çıxarılır. Gürcüstan bazarının ən yaxşı alıcısı olan azərbaycanlılar həmin avtomobilləri alıb ölkəmizə gətirirlər. Lakin bəzi vətəndaşlarımız onlayn olaraq hərraclarda iştirak edir, yararsız vəziyyətdə olan avtomobilləri satın alaraq ölkəyə gətirirlər ki, burada təmir etsinlər və ya müştərilərə “təzə” adı ilə satsınlar.
“Toyota”nın "Prius" modeli bizim alıcılar tərəfindən dayanıqlığına, ehtiyat hissələrinin əlçatanlığına, ən əsası isə qiymətinin münasib olmasına görə populyar model hesab olunur. Bu maşınlar müəyyən sürətə kimi akkumulyatorla çalışır. Paralel olaraq daxili yanma mühərriki ilə də işləməsi üstünlük sayılır.
Azərbaycana "Prius" axını
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2021-ci ilin 10 ayı ərzində ölkəyə 61 milyon manat dəyərində 10 033 ədəd hibrid avtomobil gətirilib. Statistika göstəricilərə əsasən deyə bilərik ki, Azərbaycana daha çox Koreya və Yaponiya istehsalı olan “Toyota Prius”, “Toyota Corolla” markalı avtomobillər idxal olunur.
Vergi Məcəlləsinə edilən dəyişiklikdən sonra hibrid avtomobillər gömrük rüsumundan azad edilib. Belə ki, 2022-ci il yanvarın 1-dən istehsal tarixi 3 il, mühərrikinin həcmi 2500 kubsantimetrə qədər olan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə vergidən azad olunub.
Avtomobillərin istismar müddəti təxminən 5-10 il aralığında dəyişir. Qiymətinə gəlincə, yerli bazarda "Prius"lar 13-20 min manat civarında alıcılara təklif olunur.
Ölkəmizdə bu avtomobillər daha çox taksi kimi fəaliyyət göstərir. Hətta Bakıda taksi kimi istifadə üçün gündəlik kirayə (30 manat) hibrid avtomobillər təklif edən şirkətlərin sayı getdikcə artır.
Bundan əlavə, “Toyota Prius”lar sürücülər üçün daha sərfəli hesab olunur. Bu tipli avtomobil idarə edənlər amortizasiya xərclərinin azalması, yanacaq sərfiyatı, ehtiyat hissələri və digər göstəriciləri nəzərə alırlar. Ona görə də, belə avtomobillərin ölkəmizə gətirilməsinə üstünlük verirlər. Amma bununla barəbər, son zamanlar baş vermiş yol-qəza hadisələrində “Toyota Prius” markalı avtomobilərin adının daha çox hallanması diqqət çəkir. Bununla bağlı müxtəlif fikirlər, iddialar səsləndirilir. Ehtimal olunur ki, bu nəqliyyat vasitəsilərinin tormoz sistemində müşahidə olunan problemlər qəzalara səbəb olan əsas amillər sırasındadır. Digərləri isə istifadə müddəti bitmiş, keyfiyyətsiz "Prius"ların Azərbaycana gətirilməsini qəzalara səbəb kimi görürlər.
Qeyd edək ki, haqqında bəhs etdiyimiz avtomobil modelinin iştirakı ilə qəzalar təkcə Azərbaycanda yox, xaricdə də baş verir. Belə ki, aparılan araşdırmalara əsasən, dünyada ən çox qəzaya məruz qalan modellərin sırasında “Toyota Prius” ilk yerdə dayanır.
“Toyota Prius”un hər 10.000 avtomobil üçün 111 qəza şəraiti ilə üzləşdiyini müəyyən edilib.
Mütəxəssislər avtomobilin hansı səbəbdən tez-tez qəzayə səbəb olduğunu aydınlaşdırmayıblar. Amma ehtimal olunur ki, "Prius"un hibrid mühərrikinin səssiz olması onun qəzaya düşmə ehtimalını daha da artırır.
Dünya ölkələri üzrə göstəricilərə istinad edərək bildirək ki, 2016-cı ildə "Prius" Böyük Britaniyanın ən qəzalı avtomobili seçilib. Britaniyada təxminən 71.000 "Prius" olub ki, həmin ildə bu modelin iştirakı ilə 787 qəza baş verib.
Digər tərəfdən araşdırmala görə, qəzalara uğrayan maşınların çoxu yüngül çəkili olur. Ümumilikdə "Prius"un zərərləri təkcə qəzalarla bitmir. Sıradan çıxan avtomobillər ətraf üçün daha çox təhlükə saçır. Xüsusilə də köhnə maşınların istismarı ekoloji baxımdan ciddi problemlərə gətirib çıxara bilər. "Prius"ların xarab olmuş akkumulyatorları ətrafa radiasiya yayır ki, bu da insan sağlamlığı üçün ciddi təhlükə vəd edir.
Göründüyü kimi, "Prius"ların müsbət göstəriciləri ilə yanaşı, mənfi tərəfləri də az deyil.