Azərbaycanda uşaqların "TikTok"dan istifadəsi necə qadağan oluna bilər?

 13:58 25.01.2023     622

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Azərbaycanda azyaşlıların “TikTok” sosial şəbəkəsinə daxil olunmasının qanunvericiliklə qadağan olunmasını təklif edib.

Onun sözlərinə görə, “TikTok” gələcək nəslin məhvinə yönəlib.

“Buna görə də təklif edirəm ki, qanunvericilik formasında azyaşlıların “TikTok”a çıxışı qadağan olunsun. Son dövrlərdə Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlərə ziddi olan kontent formalaşır. Bununla əlaqədar vətəndaş cəmiyyəti, məktəb, valideyn-məktəb işbirliyi səviyəsində bu məsələyə xüsusi diqqət yetirilməlidir. Aparılan tədqiqatlarla həmin sosial şəbəkəyə girənlərin 60 faizi 16-24 yaş arasında olan şəxslərdir. Xüsusilə də azyaşlılar daha çox istifadə edirlər. Bu məsələ mütləq nəzarətə götürülməldir. Misal olaraq, Çində, Hindistanda, Amerikada məhkəmənin qərarı ilə müəyyən müddət aralağında “TikTok”un fəaliyyəti məhdudlaşdırılır. Ona görə də gələcək fəaliyyətimizdə parlament çərçivəsində buna diqqət yetirək” – deputat əlavə edib.

Maraqlıdır, həqiqətən də, Azərbaycanda uşaqların “TikTok” sosial şəbəkəsinə daxil olması qadağan edilə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Pərdəşünas bildirdi ki, “TikTok”a uşaqların girişi onsuz da qadağandır.

“Yəni “TikTok” bunu özü tənzimləyir. Sadəcə uşaqlar yaşlarını böyük göstərib qeydiyyatdan keçirlər deyə, sosial şəbəkəyə giriş əldə edə bilirlər. Ümumiyyətlə, bu tipli şeylərin tənzimləmə metodu yoxdur. Yəni siz “TikTok”a necə tənzimləmə qoya bilərsiniz ki, daxil olan uşaqdır, yoxsa, böyükdür? Bunun heç bir mexanizm yoxdur. Yəni bunu nə dövlət, nə də “TikTok”un özü edə bilir. Şəxsiyyət vəsiqəsi tələbi də boş şeydir. Uşaqlar yenə valideynin vəsiqəsini götürəcək, onların telefonundan istifadə edəcək. Amma belə “TikTok” özü uşaqları bloklayır. Hesab açılan kimi onları bloklayır ki, uşaqlar bundan istifadə edə bilməz. Yəni bunu yeni təklif versə də, verməsə də, icra etmək istəsələr də, bu, həlli mümkün olmayan bir şeydir”, - deyə ekspert vurğuladı.

Nərmin VÜQARQIZI