Azərbaycanda 1 230 IMEI koduna “klon” statusu verildi

 11:56 25.01.2023     189

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC ölkəyə gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirləri çərçivəsində bu günə qədər 1 230 IMEI koduna “klon” statusu verib və onların istifadəsini məhdudlaşdırıb.

Redaktor.az şirkətə istinadən xəbər verir ki, həmin IMEI kodları son üç ayda 855 722 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb.

Bu IMEI kodları ilə 120 min dəfədən çox şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) imtina cavabı verib.

Surətinin köçürülməsi şübhəsi olan 79 IMEI kodu ilə bağlı vətəndaşlardan poçt məntəqələrinə daxil olan müraciətlər araşdırılıb. 21 müraciət nömrə dəyişilməsi ilə bağlı olduğu üçün analitik qrupun müsbət rəyi ilə sistemdə təsdiq olunub, 56 müraciət əsassız olduğu üçün etiraz cavabı verilib, 2 müraciət üzrə araşdırma davam etdirilir.

Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 günə qeydiyyatdan keçirilməlidir. Bu zaman cihazın satış qiymətinə uyğun dövlət rüsumu ödənilməlidir. Bəzi dələduzlar isə dövlət rüsumunu ödəməmək üçün daha öncə qeydiyyatdan keçmiş telefonun IMEI kodunun surətini yeni telefonlara köçürürlər. Surəti köçürülmüş IMEI kodun məxsus olduğu cihazın sahibi isə bu prosesdən tamamilə məlumatsız olur və daha sonra müəyyən çətinliklərlə qarşılaşır.

Bu cür hallarla qarşılaşmamaq, aldadılmamaq üçün yeni alınan və ya hazırda istifadədə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusu barədə nazirliyin Vahid Elektron Xidmətlər Portalından məlumat əldə etmək olar. Bunun üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib, daha sonra portala daxil olaraq “IMEI yoxlama” xidmətinə keçid etmək lazımdır. Ekranda görünən xanaya IMEI kodunu daxil edib “Yoxla” düyməsinə klik edərək telefonun IMEI koduna “klon” statusu verilib-verilmədiyini öyrənmək olar. Əgər cihazın IMEI nömrəsi köçürülübsə, ekranda “Cihazın istifadəsi məhdudlaşdırılıb” mesajı təqdim ediləcək. Bu halda istifadəçilərə məsələnin həlli üçün “Azərpoçt” MMC-nin şöbələrinə müraciət etmək tövsiyə olunur.