Bu şirkətlər işçilərin ixtisarı səbəbindən 10 milyard dollardan çox pul xərcləyəcək

 18:02 03.02.2023     721

"Amazon", "Meta", "Alphabet" və "Microsoft" kütləvi ixtisar və digər qənaət tədbirləri səbəbindən birlikdə 10 milyard dollardan çox vəsait xərcləyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Financial Times" gəlir hesabatlarına istinadən məlumat yayıb.

Texnoloji sektorda ən böyük iş yerlərini ixtisar edən ABŞ şirkətləri yenidən strukturlaşdırma səyləri ilə bağlı yüksək xərcləri açıqlayıblar. Daha əvvəl adı çəkilən dörd korporasiya 50.000 iş yerini ixtisar etdiyini açıqlamışdı.

Qəzet yazır ki, şirkətlərin yüksək ilkin xərclərə, o cümlədən işdən çıxma haqqına baxmayaraq, investorlar görülən tədbirlərdən həvəslənirlər. İxtisarlar rəsmi elan edildikdən sonra şirkətlər kollektiv olaraq bazar kapitallaşmalarını 800 milyard dollardan çox artırıblar. Noyabrda iş yerlərinin ixtisar edilməsi elan edildikdən sonra "Meta"nın dəyəri təxminən iki dəfə artıb.

"Financial Times" qeyd edir ki, cümə axşamı günü üç il yarım ərzində ilk rüblük gəlir azalması barədə məlumat verməsinə baxmayaraq, "Apple" iş yerlərinin ixtisarı və ya xərclərin azaldılması proqramı elan etməyən yeganə böyük texnologiya şirkəti olaraq qalır.

Turan İSMAYIL