İlon Maskın insana beyin çipi yerləşdirməsinə icazə verilmədi

 23:30 02.03.2023     790

ABŞ hökuməti milyarder, "Tesla", "SpaceX" və "Twitter" şirkətlərinin sahibi İlon Maska insanlar üzərində beyin çiplərini sınaqdan keçirməyə icazə verməyib.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb. 

Bildirilir ki, Maskın sahib olduğu "Neuralink" şirkəti sınaqlar üçün 2019-cu ildən bəri ən azı dörd dəfə ABŞ-ın Qida və Dərman Agentliyinə müraciət edib. Agentlik şirkətin insan üzərində sınaqlarından əvvəl həll etməli olduğu onlarla məsələnin olduğunu bildirib. 

Qeyd edilir ki, əsas problem beyin çipinin daşıdığı litium batareyası olub. Agentlik batareyanın insan beyninə zərər verə biləcəyindən narahatdır.

Xatırladaq ki, "Neuralink"in hazırladığı beyin implantı ilk növbədə iflic kimi nevroloji xəstəliklərin müalicə olunması üçün nəzərdə tutulub.