"Neçə ildir ki, "Azercell" hələ də "Tarqovu"da ilişib qalıb" - Osman Gündüz

 16:41 17.05.2023     405

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2023” konfransında İsveçin "Ericsson" şirkətinin nümayəndəsi Aydın Abyanbekov bildirib ki, Azərbaycanda 5G şəbəkəsinin inkişafı ilə bağlı böyük addımlar atılır və tezliklə 5G Azərbaycana gələcək.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüzün sözlərinə görə, təəssüf ki, bu sahədə Azərbaycanda vəziyyət digər qonşu ölkələrdən xeyli geri qalıb.

"Uzun illər bu istiqamətdə hazırlıqlar olmayıb. DRİ və İKTA tərəfindən müəyyən işlər aparılsa da, konsepsiya hazırlansa da hələlik 5G ilə bağlı hökumətin təsdiqlənmiş, aydın bir yol xəritəsi yoxdur. 5G üçün zəruri olan tezliklər başqa radioxidmətlər, hətta TV kanallar tərəfindən istismar olunur. Onların geri alınması istiqamətində uzun illər işlər aparılmayıb. Hökumət bu tezliklərin 5G üçün geri alınması, kompensasiya qaydaları qəbul etsə də, hələlik bu sahədə irəliləyiş yoxdur. 5G tezliklərin mobil operatorlara hansı qaydada veriləcəyi də qeyri-müəyyəndir, bununla bağlı açıqlamalar yoxdur",- deyə qeyd edən O.Gündüz bildirdi ki, "Azercell" bəsit müzakirələrlə baş qatır, qonşu ölkələr də 5G infrastrukturunu, süni intellekti və əşyaların internetini genişləndirir:

"Baxıram ki, ölkənin ən öndə gedən mobil operatoru "5G-nin sınaqdan keçirilməsi haqqında" məlumatı beynəlxalq konfrans iştirakçıları ilə bölüşür. Hətta qürurla bununla bağlı açıqlama da yayır. Bununla da sanki regionda rəqəmsal mərkəzə çevrilmək niyyətini ortaya qoyur. Hansı ki, bu gün konfrans zalında onlarla yanaşı əyləşən regionun bütün ölkələri "Azercell"in qeyd etdiyi sınaq işlərini illər öncə başa vurub və hazırda 5G-nin real, işlək şəbəkəsini qurublar. Hazırda isə onun üzərində biznes qururlar. "Azercell" isə 5G-dən istifadə etmək istəyənləri test etmək üçün "Tarqovu"ya yönəldir, neçə ildir ki, bu nəhəng operator hələ də "Tarqovu"da ilişib qalıb. Sadəcə biabırçılıqdır. Ən doğrusu o olardı ki, "Azercell" aidiyyatı qurumlara, RİNN-ə müraciət edib, işçi qrupları yaradıb, uzun illər 5G tezliyinin üstündə "oturanlarla" problemi həll edəydi. Bu problemin həllində dövlət qurumları ilə bərabər operatorlar da yaxından iştirak etməlidir. Gərək xeyli öncədən, "Azercell" və digər operatorlar təşəbbüs göstərəydilər, 5G-nin üstündə "oturanlarla" dil tapıb, hökümətə bununla bağlı təkliflər verəydi. Belə görünür ki, "Azercell" və digərləri müftə, göydəndüşmə tezlik gözləyir. Yəni, dövlət qurumu, RİNN, İKTA gedib 5G tezlik sahibləri ilə danışmalı, onlara pul ödəməli, yalvar-yaxar etməli və operatorlara bu tezliyi hədiyyə etməlidir. Belə olan halda, mən təklif edərdim ki, əgər 5G tezlikləri üçün onun indiki sahiblərinə büdcədən kompensasiya ödənilib operatorlara veriləcəksə, bu tezlik resurslarının ödənişlərinə yenidən baxmaq da doğru olardı".

Həmidə İbrahimli