Süni intellekt insan duyğularını öyrənir

 11:48 12.06.2023     370

Massaçusets Texnologiya İnstitutunun (MIT) nevroloqları süni intellektdən istifadə edərək insanların emosiyalarını aşkarlaya və proqnozlaşdıra bilən kompüter modeli yaradıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın “Philosophical Transactions of Royal Society A” adlı elmi jurnalında dərc olunub.

Jurnalda qeyd olunur ki, süni intellekt proqramı insanın sevinc, xəcalət, çaşqınlıq, təəssüf və minnətdarlıq kimi hisslərini hesablaya bilir.

MIT-in koqnitiv nevrologiya professoru Rebeka Saçs modeli qurmaq üçün ingilis televiziya oyunu “Qızıl Top”lardan istifadə etdiklərini söyləyib. Orada iki iştirakçıya 100 min dollar ayrılır. Müzakirədən sonra hər bir iştirakçı məbləği bölüşmək və ya yalnız özləri üçün oynamaq barədə qərar verməlidir. Əgər hər ikisi pulu bölüşməyə razılaşarsa, onda hər biri 50.000 dollar alır. Üstəlik, oyunçulardan yalnız biri özü üçün oynamaq qərarına gəlsə, o zaman bütün 100.000 dolları alır.

“Süni intellektlər hadisələrin cüzi təsvirlərindən onlara cəlb olunan insanların hansı hissləri yaşayacağını proqnozlaşdıra bilərlər. Bizim modelimiz fərdin inanclarını və seçimlərini, o cümlədən sosial üstünlüklərini anlamaq üçün tərs planlaşdırmadan istifadə edir. Model insanın hadisələrə verdiyi reaksiyaları birləşdirərək  hər hansı bir vizual reaksiya verməzdən əvvəl onun digər hərəkətlərini və ya ətrafında baş verənləri son nəticədə necə qiymətləndirəcəyini hesablayır”, - tədqiqatda deyilir.

Bildirilir ki, iş zamanı nevroloqlar modelə sevinc, rahatlıq, günahkarlıq və paxıllıq da daxil olmaqla 20 emosiyanı uyğunlaşdırmağı öyrədiblər. 

Xatırladaq ki, 2022-ci ilin yayında "Google" mühəndisi Bleyk Lemoyn “The Washington Post”a verdiyi müsahibədə yeni yaradılmış “LaMDA” neyron şəbəkəsi dil modelinin öz şüuruna malik olduğunu bildirib. O həmçinin süni intellektin bir insan kimi hiss edə bildiyini iddia edib. Tərtibatçı əvvəlcə şirkətin məxfilik siyasətini pozduğuna görə fəaliyyətini dayandırıb, daha sonra şirkət Lemoynu işdən çıxarıb.

Arzu İSMAYIL