Türkiyədə zəlzələlər zamanı smartfonlarda xəbərdarlıq sistemi işləməyib

 23:13 28.07.2023     360

"Google"un Android mobil əməliyyat sistemindəki xüsusi zəlzələ xəbərdarlığı sistemi 2023-cü ilin əvvəlində Türkiyədə baş verən zəlzələlər zamanı işləməyib.

Redaktor.az xəbər verir ki, bu barədə "BBC Newsnight" məlumat yayıb.

Türkiyədə sistem 2021-ci ildən fəaliyyət göstərir və ümumiyyətlə qüsursuz işləyir. "Google" sözçüsü əmin edib ki, fevralın 6-da ilk zəlzələlərdən əvvəl ölkədə milyonlarla insana zəlzələ xəbərdarlığı göndərilib.

Bununla belə, "BBC Newsnight" jurnalistləri Türkiyənin təsirə məruz qalan üç şəhərində yüzlərlə hadisə şahidi ilə müsahibələr aparıb və aşkar ediblər ki, heç bir yerli sakin belə bir xəbərdarlıq almayıb.

"Google" jurnalistlərə sistemin həqiqətən işlədiyinə dair sübut təqdim edə bilməyib. Jurnalistlərin ixtiyarında yalnız sosial şəbəkələrdə 13 mesajın skrinşotları olan sənəd var idi. İstifadəçilər aldıqları bildirişlər haqqında yazıblar.

"Google"un nümayəndələrindən biri etiraf edib ki, ilk afterşoklardan sonra insanlar zəlzələlərin nəticələrinin miqyasına görə smartfonlardakı xəbərdarlıqlara artıq əhəmiyyət vermirlər.

"Google"un təsvirinə görə, smartfonların özləri sistemdə mini seysmometr rolunu oynayır. Quraşdırılmış akselerometrlər və giroskoplar zəlzələni proqnozlaşdırmağa imkan verən məlumatları ötürür və ya heç olmasa ilk təkanlardan dərhal sonra qonşu rayonların sakinlərini xəbərdar edir.

Xatırladaq ki, bu ilin fevral ayında qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələlər zamanı 50 mindən çox insan həyatını itirib.

Turan İSMAYIL