Onlar yeni nəsil asfalt texnologiyası hazırladılar

 17:49 13.09.2023     767

"Əriyən Asfalt problemləri Türkiyə-Azərbaycan Əməkdaşlığı ilə həll edildi: 65 Dərəcəyə Qədər Dayanıqlı Yeni Asfalt Texnologiyası"

Qlobal istiləşmə son illərdə qarşımıza çıxan ən ciddi ekoloji problemlərdən biri kimi qalmaqda davam edir. 2023-cü ilin yayında təkcə Türkiyə və Azərbaycanda deyil, dünyanın bir çox bölgəsində istilik rekordları qırıldı. Bu istilik artımları asfalt yolların əriməsi kimi gözlənilməz problemləri də özü ilə gətirdi. Şəhər küçələri isti günəşin şüaları altında əriyən şokoladlara çevrildi.

Lakin Bakıdan Radiasiya Problemləri İnstitutu, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elmi işçisi Hacı Vahid Axundzadə və İstanbul Universitetinin doktorantı Bəxtiyar Nəcəfov bu məsələnin öhdəsindən gəlmək üçün bir araya gəldi. Laboratoriyada keçirilən uzunmüddətli tədqiqatlar nəticəsində yüksək temperatura davamlı yeni nəsil bir asfalt texnologiyası hazırladılar. Yıldız Teknik Universitetində aparılan müstəqil analizlər asfalt bitumunun 65 dərəcəyə qədər yumşalmadığını təsdiqlədi.

2000-ci illərdən bu yana şəhərlərdəki istilik ortalamalarının dayanmadan artması ilə birlikdə, xüsusən 2020-ci illərin əvvəlindən etibarən isti hava dalğalarının tezliyi və şiddəti nəzərəçarpacaq ölçüdə artıb. Bu səbəbdən H. Axundzadə və B. Nəcəfov tərəfindən hazırlanan bu yenilikçi texnologiya, yalnız Türkiyə və Azərbaycan üçün deyil, bütün dünya üçün də böyük əhəmiyyət daşıyır.

Asfaltın əriməsi yol təhlükəsizliyini təhdid etməklə yanaşı, həm də şəhərlərdə baş verən isti ada effektinin şiddətlənməsinə səbəb olur. Yeni asfalt texnologiyasının bu problemi azaldacağı da ümid edilir.

Bu iki elm adamının əsas məqsədi bu layihəni qlobal bir həllə çevirməkdir. Türkiyədə qurmağı planlaşdırdıqları Teknopark şirkəti ilə yeni asfalt texnologiyasının dünyadakı digər ölkələrə də təqdim edilməsi gözlənilir.

Türkiyə və Azərbaycanın bu ortaq təşəbbüsü qlobal istiləşmənin gətirdiyi çətinliklərə qarşı duraraq, digər ölkələrə də nümunə təşkil edə bilər.

Həmidə İBRAHİMLİ