İrlandiya TikTok-u uşaqlara görə 345 milyon avro cərimələdi

 18:53 15.09.2023     458

İrlandiya Məlumatların Mühafizəsi Komissiyası Çinin "ByteDance" şirkətinə məxsus TikTok sosial şəbəkəsini uşaqların şəxsi məlumatlarının mühafizəsi sahəsində pozuntulara görə 345 milyon avro cərimələyib.

Redaktor.az bu barədə "İnterfaks"a istinadla xəbər verir.

Qanun pozuntuları 2020-ci il iyulun 31-dən dekabrın 31-dək olan dövrə aiddir. Xüsusilə, komissiya müəyyən edib ki, uşaqların profilləri defolt olaraq açıqdır, nəticədə onların nəşrləri TikTok-da qeydiyyatdan keçməyənlər də daxil olmaqla qeyri-məhdud sayda insan üçün əlçatan olub.

Bundan əlavə, platformanın funksionallığı yetkin istifadəçilərə, o cümlədən valideyn və ya qəyyum olmayanlara öz hesablarını uşaqların hesabları ilə əlaqələndirməyə və ciddi risklərə səbəb olan şəxsi mesajların mübadiləsinə imkan yaratmağa imkan verib.

Həmçinin, hesabları qeydiyyatdan keçirərkən və videolar dərc edərkən sosial şəbəkə istifadəçiləri məxfiliyə artan müdaxilə səviyyəsinə malik variantları seçməyə sövq edib.

Komissiya cərimədən əlavə, TikTok-a üç ay ərzində pozuntuları aradan qaldırmağı tapşırıb.

"Associated Press" xəbər verir ki, TikTok İrlandiya tənzimləyicisinin qərarı ilə və xüsusən də cərimənin ölçüsü ilə razılaşmadığını bildirib.

Şirkət qeyd edib ki, İrlandiya Məlumatların Mühafizəsi Komissiyasının tənqidi üç il əvvəlki xüsusiyyətlərə və parametrlərə yönəlib və araşdırma başlamazdan xeyli əvvəl sosial şəbəkə 16 yaşdan kiçik yeniyetmələrin hesablarını defolt olaraq özəl edib və 13-15 yaşlılar üçün şəxsi mesajlaşmanı qeyri-aktiv edib.

Turan İSMAYIL