TikTok İsrail-Fələstin münaqişəsi ilə bağlı 500 min videonu sildi

 17:45 16.10.2023     321

Çin sosial şəbəkəsi TikTok dezinformasiya ilə mübarizə səyləri çərçivəsində İsrail-Fələstin münaqişəsi ilə bağlı 500 000 videonu silib və 8 000 canlı yayımı dayandırıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə platformanın açıqlamasında bildirilir.

“Nifrətin qızışdırılması üçün TikTok funksiyalarından istifadənin qarşısının alınması məqsədilə mövcud girov vəziyyəti kontekstində artan təhlükəsizlik riski nəzərə alınmaqla, müvəqqəti tədbir kimi LIVE proqramında iştiraka əlavə məhdudiyyətlər tətbiq edilib”, - deyə məlumatda bildirilir.

“İcmanın təhlükəsizliyini və platformanın bütövlüyünü təmin etmək” çərçivəsində sosial şəbəkə Yaxın Şərqdə baş verən hadisələrlə bağlı məzmunu nəzərdən keçirmək üçün ərəb və ivrit dillərini bilən əlavə moderatorların işə götürüldüyünü elan edib.

Financial Times-ın istinad etdiyi ekspertlərin fikrincə, sosial şəbəkələr sözün əsl mənasında Fələstin-İsrail münaqişəsi ilə bağlı dezinformasiya dalğası ilə dolub. Saxta xəbərləri izləyən CREOpoint biznes kəşfiyyat qrupuna görə, ekspertlər İsrail və HƏMAS arasında münaqişə ilə bağlı viral iddiaların sayında "yüz qat partlayış" baş verib.

Bunun fonunda Avropa İttifaqı İsraildəki münaqişə ilə bağlı “dezinformasiyanın yayılması” faktını yoxlamaq üçün X sosial şəbəkəsində (keçmiş Twitter) araşdırmaya başlayıb. Avropa Komissiyası həmçinin TikTok və Meta korporasiyasına “İsraildəki münaqişə ilə bağlı qeyri-qanuni məzmunun yayılması” ilə əlaqədar xəbərdarlıq göndərərək, onlardan “gənc auditoriyanı dezinformasiyadan qorumaq üçün təcili tədbirlər görməyi” tələb edib.

Turan İSMAYIL