"İnstagram"ın bu qədər populyarlaşmasının SƏBƏBİ - texnobloger AÇIQLADI

 17:45 13.11.2023     444

Bildiyimiz kimi, "Statcounter" 2023-cü ilin oktyabr ayında ölkələrin sosial media bazarı ilə bağlı məlumatları açıqlayıb.

Məlumata əsasən, Azərbaycanın sosial media bazarının 45.05%-ni "Instagram", 18.17%-ni "Facebook", 18.07%-ni "Pinterest", 10.12%-ni "YouTube", 6.03%-ni isə "Twitter" tutub. "Instagram" istifadə edənlərin sayı isə 2 dəfədən çox artıb.

Belə ki, ötən il Azərbaycanın sosial media bazarının 17.36%-ini "Instagram" tuturdusa, bu il bu rəqən 45%-ə qalxıb. "YoutTube" və  "Facebook" istifadə edənlərin sayında da azalma qeydə alınıb.

Maraqlıdır, "İnstaqram" istifadəçilərinin sayının bu qədər artmasına gətirib çıxaran tendensiya nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan rəqəmsal marketinq mütəxəssisi, texnobloger Fərid Pərdəşünas söylədi ki, müasir sosial şəbəkələrdə qısa video məntiqi daha ön plana çıxır:

 ""TikTok" və "Instagram"da Azərbaycanda son tendensiyalar göstərir ki, bu iki paltformada istifadəçi baxımından çox ciddi artış var. "YoutTube" stabil olaraq qalıb, çox azalma yoxdur. Sadəcə digər platformalar daha sürətlə inkişaf edib. "Facebook" artıq qocaman platformaya çevrilib. İnsanlar yazıları oxumaq istəmir, müzakirələri oxumaq istəmir, sadəcə izləmək istəyirlər. "İnstagram"ın bu qədər populyarlaşmasının səbəbi də  "TikTok"da olan funksionallığın "reels" formasında  "İnstagram"a gətirilməsidir. Artıq qısa video məntiqi bütün dünyada daha çox izlənir. "YoutTube" da bununla rəqabət aparmaq üçün "şorts" platformasını təqdim edibdir. Yəni ümumi olaraq dünyada belə bir tendensiya var. Artıq "Facebook" qocaman platforma hesab olunur, uzun videolar izlənmir. Ona görə də "Youtube"da, "Facebook" da zaman-zaman bəzi insanların marağına görə düşüş yaşana bilər. Azərbaycan da o ölkələr arasındadır ki, bizdə insanlar qısa məzmunu izləmək istəyirlər".

Humay İSGƏNDƏRLİ