Zukerberq “Meta”nın səhmlərini satdı

 17:39 05.01.2024     373

“Meta Platforms”un təsisçisi və baş direktoru Mark Zukerberq 2023-cü ilin son iki ayında şirkətinin təxminən 1,28 milyon səhmini sataraq, ümumilikdə 428 milyon dollar qazanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) istinadən məlumat yayıb.

“Bloomberg”in hesablamalarına görə, orta hesabla 2023-cü ilin noyabr-dekabr aylarında həyata keçirilən əməliyyatların hər biri Zukerberqə 10,4 milyon dollar qazandırıb, maksimal həcm isə dekabrın 28-də qiymətli kağızların satışı olub.

İki ildir “Meta”dakı səhmlərini satmayan Zukerberq səhmlərinin bir hissəsini satmaq qərarını son bir ildə qiymətin xeyli yüksəlməsi və hazırda 2021-ci ildə əldə edilən maksimum səviyyəyə yaxınlaşması ilə izah edir.

“Bloomberg”, Zuckerberg-in ümumi sərvətini 125 milyard dollar olaraq qiymətləndirərək, onu dünyanın ən varlı adamları siyahısında yeddinci yerdə qərarlaşdırıb.