Avropa Komissiyası "Microsoft"a xəbərdarlıq etdi

 20:50 09.01.2024     350

Amerikanın Microsoft korporasiyası Avropadakı tənzimləyicilərlə yeni problemlərlə üzləşə bilər.

Redaktor.az bu barədə CNBC-yə istinadən xəbər verir ki, Avropa Komissiyasının (AK) rəsmiləri bu barədə şirkətə xəbərdarlıq ediblər.

AK, rəqabət araşdırmasına başladığını və əsas rəqəmsal bazar oyunçuları ilə generativ süni intellekt tərtibatçıları və provayderləri arasında bağlanmış müəyyən razılaşmaları, o cümlədən Microsoft-un süni intellekt şirkəti OpenAI-ə çoxmilyardlıq sərmayəsini araşdırdığını söyləyib.

"Avropa Komissiyası Microsoft-un OpenAI-a sərmayəsinin Aİ Birləşmə Qaydasına görə nəzərdən keçirilməyə uyğun olub-olmadığını yoxlayır", - AK-nin bəyanatında deyilir.

Komissiya həmçinin bildirib ki, hazırda süni intellekt sahəsində rəqabətin səviyyəsi ilə bağlı məlumat əldə etmək üçün bir neçə əsas bazar oyunçularına və digər maraqlı tərəflərə sorğular göndərib.

Həmçinin bildirilir ki, Microsoft-un sərmayəsi artıq ABŞ və Böyük Britaniyada antiinhisar tənzimləyicilərinin marağına səbəb olub və onlar ilkin yoxlamalara başlayıblar.

Texnologiya nəhəngi ilk dəfə 2019-cu ildə OpenAI-a 1 milyard dollar sərmayə qoyub. Bu günə qədər bu investisiyaların ümumi həcmi 13 milyard dollara çatıb. OpenAI, süni intellekt ChatGPT chatbotunu inkişaf etdirən şirkət kimi geniş tanınır. Microsoft artıq bəzi OpenAI texnologiyalarını Office və Windows məhsullarına inteqrasiya edib.

NƏRGİZ