“WhatsApp” istifadəçilərinin nəzərinə! – Bu üsulla profilinizi kiberhucumlardan qoruyun
Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür Azərbaycanda “WhatsApp” profillərinə kütləvi şəkildə haker hücumları olur. Bu hücumlar əsasən, “WhatsApp+” istifadəçilərinə qarşı həyata keçirilir. Kiberdələduzlar belə tətbiqlər vasitəsilə vətəndaşların fərdi məlumatlarını oğurlamaq və cihazlarından növbəti kiberhücumları həyata keçirmək üçün istifadə edirlər.
Bəs, bu kimi hücumlardan qorunmaq üçün hansı təhlükəsizlik qaydalarına əməl etmək lazmdır?
Redaktor.az xəbər verir ki, “WhatsApp”da iki mərhələli təsdiqləməni aktiv edərək hesabınızı kiber hücumlardan qoruya bilərsiniz.
1. Öncə tətbiqə daxil olub, parametrlər (Ayarlar) hissəsinə keçid edin.
2. Sonra “Hesab” üzərinə toxunun.
3. “İki mərhələli təsdiqləmə”-ni seçin.
4. Daxil olub 6 rəqəmli pin təyin edin.
5. Pin təyin etdikdən sonra təsdiq üçün kodu yenidən daxil edin.
6. Daha sonra ehtiyat e-poçt ünvanı tələb olunacaq. Bu, pin yaddan çıxdığı halda, yeniləmək üçün lazımdır.
7. Bütün bunları etdikdən sonra “İki mərhələli təsdiqləmə” aktivləşəcək.
Əgər “WhatsApp” profilinizə hər hansı tanınmayan cihazdan müdaxilə olunarsa, bu zaman pin tələb ediləcək. Pin kod və e-poçt adresi olmadan, profillərə müdaxilə etmək imkansızdır.
İlahə HÜSEYNLİ