Bakteriyalar vasitəsilə doldurulan batareya yaradıldı
Böyük Britaniyanın Bat Universitetinin alimləri torpaqdan enerji istehsal edən cihazın prototipini yaradıblar.
Redaktor.az xəbər verir ki, bu barədə "SciDev" məlumat yayıb.
Braziliyalı həmkarları ilə birlikdə "Bakteriya" layihəsi üzərində işləyən britaniyalı alimlər kənd təsərrüfatında rəqəmsallaşmaya artan tələbatın olduğunu bildiriblər.
Mütəxəssislər bir sıra sensorları və digər alətləri gücləndirmək üçün torpaqdakı bakteriyalardan istifadə edərək enerji ilə doldurula bilən akkumulyator yaradıblar.
Cihaz enerji yaratmaq üçün elektrogen adlanan mikroorqanizmlərə əsaslanır. Onlar təbii olaraq torpaqda mövcuddur və üzvi maddələri istehlak etdikdə elektronlar əmələ gətirirlər. Alimlərin fermerlər üçün yaratdığı akkumulyator bu enerjini özünə çəkir və saxlayır.
Mütəxəssislərin fikrincə, akkumulyator kənd təsərrüfatında istifadə olunan torpaq datçikləri kimi bir neçə kompakt qadceti enerji ilə təmin edə bilir. Bir cihazın qiyməti təxminən 25 funt sterlinq təşkil edir. Müəlliflər qeyd ediblər ki, qurğu texniki qulluq tələb etmir və 25 ilədək işləyə bilər. Hazırda mütəxəssislər texnologiyanı genişləndirməyə çalışırlar.
İyunun sonunda Yaponiyanın TDK şirkəti bərk cisimli akkumulyatorlar sahəsində bir irəliləyiş elan edib. Mütəxəssislər 1 litr üçün 1000 vatt-saat rekord sıxlığa malik akkumulyator yaradıblar ki, bu da klassik bərk cisimli batareyaların enerji sıxlığından təxminən 100 dəfə çoxdur.
Sultan AYXAN