"Windows"un işindəki problem kibertəhlükəsizliklə bağlıdır? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, "Windows 10" əməliyyat sistemi ilə işləyən qurğular bütün dünyada sıradan çıxıb. Qəza hava limanlarının, aviaşirkətlərin, bankların, treyderlərin və rabitə operatorlarının işinə təsir göstərib.
İKT üzrə ekspert Elvin Abbasov Redaktor.az-a açıqlamasında problemin mahiyyətindən bəhs etdi:
"İyulun 18-də "Microsoft Windows" əməliyyat sistemi ilə işləyən kompüterlərdə ciddi bir təhlükəsizlik hadisəsi baş verdi. Bu hadisə bir çox böyük qlobal aviaşirkətinin fəaliyyətini dayandırmasına, televiziya xəbərlərinin yayımının qarşısının alınmasına, cümə günü səhər saatlarında isə bank xidmətlərinin oflayn olmasına səbəb oldu. Kompüterlərin bir çoxu yüklənərkən "Blue Screen of Death" (Mavi ekran) ilə qarşılaşdı və işə salınma problemləri yaşandı. Kibertəhlükəsizlik firması "CrowdStrike" tərəfindən aparılan araşdırmalara görə, bu hadisə proqram təminatındakı bir yenilənmə zamanı baş verdi. Bu təhlükəsizlik hadisəsi, əsasən, qlobal aviaşirkətləri, bank xidmətləri və televiziya yayım şirkətlərini əhatə edib. Hadisə zamanı bir sıra böyük aviaşirkətlər fəaliyyətlərini dayandırmağa məcbur qalaraq uçuşları ləğv etmiş və müştərilərinə məhdudiyyətlər yaşatmışdır. Banklar isə oflayn xidmətlərini müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalmış, istifadəçilərinə qeyri-adi şəraiti təqdim etmişdir. Həmçinin, televiziya şirkətləri də yayımları müvəqqəti olaraq durdurmağa məcbur olub və mətbuat orqanları istifadəçilərini xəbərdar etməli olublar".
Ekspertin sözlərinə görə, bu, kibertəhlükəsizliklə bağlı problem deyil:
"Məsələnin "hacker" hücumu ilə əlaqəsi yoxdur. Sadəcə olaraq həmin şikətin yeniləməsi zamanı gözdən qaçan ayrıntıdan qaynaqlanaraq sözügedən problem yaşandı. Problemin həlli isə yeni yazılımın sistemə yüklənməsi ilə həllini tapıb. Lakin güncəllənmə o an üçün hamıya əlçatan olmaya bilir. Buna görə də həmin ölkələrədəki sözügedən sektorlarda yaşanan nasazlıqlar tədricən düzələcək".
Sevinc İBRAHİMZADƏ