"iPhone" satışları AZALDI
"Apple" 2024-cü ilin üçüncü rübü üçün maliyyə hesabatını iyunun 29-da başa vurub.
Redaktor.az xəbər verir ki, sənədə əsasən, şirkətin üçüncü maliyyə rübündə gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% artaraq 85,8 milyard dollara, xalis mənfəəti isə 21,4 milyard dollara çatıb.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin üçüncü rübündə onun gəliri 81,8 milyard dollar, xalis mənfəət isə 19,9 milyard dollar olub.
Eyni zamanda "iPhone" satışları 1 faiz azalaraq 39,3 milyard dollar, "Mac" satışları isə 2 faiz artaraq 7 milyard dollar olub. "iPad" satışından əldə edilən gəlir əvvəlki ilə nisbətən yüzdə 20 artaraq 7,1 milyard dollara çatıb. Bu, 2024-cü ilin mayında yeni modellərin təqdimatı ilə əlaqədardır.
"AirPods", "Apple Watch" və digər aksesuarların satışından əldə edilən gəlir ötən ilin eyni dövründəki 8,3 milyard dollardan bir qədər azalaraq 8,1 milyard dollara çatıb. "Apple Music" və "Apple TV+" kimi xidmətlərdən əldə edilən gəlir 21,2 milyard dollardan 24,2 milyard dollara yüksəlib.
Şirkət həmçinin qeyd edib ki, bütün regionlarda aktiv cihazların sayı artıb. Lakin o, dəqiq məlumatları açıqlamayıb. 2024-cü ilin fevral ayında "Apple" dünyada 2,2 milyard aktiv cihazın olduğunu bildirib.
Sevinc İBRAHİMZADƏ