"Telegram" bağlana bilər? - Ekspert AÇIQLADI

 17:42 29.08.2024     465

"Telegram"ın təsisçisi, milyarder Pavel Durovun barəsində seçilmiş həbs qətimkan tədbirləri başa çatsa, məhkəmədə dindirilməsi gözlənilir. Onun haqqında qaldırılan ittihamlardan sonra bir çox ölkə "Telegram" sosial şəbəkəsinə dair nəzarəti gücləndirib. "Telegram" istifadəçilərində təhlükəsizlik məsələləri ilə bağlı narahatlıq yaranıb. Bəs sosial şəbəkənin qurucusunun başına gələn bu hadisələrin nəticəsi olaraq "Telegram" bağlana bilər?

Bu barədə İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, böyük sosial şəbəkə qurucuları, şirkətləri, avadanlıq istehsalçıları hər zaman rəqiblərinin diqqətindədir:

"Teleqram təzyiq altında olduğu kimi, "TikTok" şəbəkəsi də eyni bənzər təzyiqlər altındadır. Çinin “Huawei” şirkəti də avadanlıq istehsalçısı kimi zamanla müxtəlif təzyiqlərə məruz qalıb. Bu kimi məsələlər dünyada “rəqabətin çirkin üzü” kimi də qiymətləndirilə bilər. Təbii ki, heç bir rəqib açıq formada "bazar mənimdir, kənara çəkil" deməsə də, müxtəlif təzyiqlərlə razı salmağa çalışır və əməkdaşlığa dəvət edirlər. Necə ki, İlon Mask da “Twitter”ə müəyyən təzyiqlər göstərərək, sonda platformanı aldığı kimi. Tarix boyu belə hadisələr olub və olanlar da son deyil. Amma bu gün Bil Qeyts "Microsoft" şirkətinin qurucusu olsa da, kənara çəkilib başqa işlərlə məşğul olmağı “Microsoft” şirkətini batırmır. Onlar işlərini elə qururlar ki, kiminsə işdən çıxması, ölməsi və ya həbs olunması prosesin davamına əngəl olmasın".

Ekspertin fikrincə, Pavel Durovun saxlanılması da teleqramın inkişafında ləngiməyə səbəb olmayacaq:

"Təbii ki, ilham verən bəzi liderlər hər zaman çılğın ideyaları və yanaşmaları ilə seçilirlər və onları heç vaxt əvəz etmək mümkün olmasa da, işlər hansısa formada orta səviyyədə davam edir". 

Sevinc İBRAHİMZADƏ