"İnternetin sürəti yerlə sürünür" - "Azeurotel" və başqaları vəd edilən sürəti niyə vermir?

 16:52 06.09.2024     543

Məlum olduğu kimi, Azərbaycanda avqustun 15-dən etibarən internetin qiyməti ilə bərabər sürətinin də qalxdığı elan edilib. Lakin abunəçilər 100 Mbit/s internet üçün 25 manat ödəmələrinə baxmayaraq, hələ də vəd edilən sürətdən əsər-əlamət yoxdur. Sosial şəbəkələrdəki paylaşımlardan da göründüyü kimi, 25 manatlıq tariflə 6-40 Mbit/s arasında internet verilir. Yəni 100 Mbit/s internetin heç yarısı da abunəçilərin ünvanına gəlib çatmır. 

Məsələ burasındadır ki, bu problemə, demək olar, bütün provayderlərdə rast gəlmək mümkündür. Vətəndaş vəd edilən internet sürətini ala bilmədiyi üçün provayderə zəng edir, daha doğrusu, zəng etmək istəyir, amma 155 qaynar xətt nömrəsində növbədə elə 155-ci şəxs olduğu deyilir və növbə ona heç vaxt çatmır...

Bəzi provayderlərin operatorları isə ən azından zəngi qəbul edib problemlə maraqlanırlar, texnik göndərirlər. Gələn texnik isə "modeminiz köhnədir, gücü çatmır, dəyişin düzəlsin" cavabını verir. Yəni vətəndaşların əksəriyyətində internet probleminin kökü sanki modemlə bağlı imiş.

Sözügedən problem hazırda Bakının Səbail rayonu, Yeni Salyan yolu 20 ünvanında yerləşən "Jurnalist binası"nda da yaşanmaqdadır. Orada yaşayan jurnalist sakinlərin feysbuk paylaşımlarından da məlum olur ki, "Azeurotel" şirkəti 27 manata onlara 100 Mbit/s internet verməli olsa da, əvvəlki 19 manatlıq tariflə aldıqları 30 Mbit/s-ə qədər internet verilir. Yəni hazırda 27 manat ödəsələr də, sürət artımının sanki onlara heç bir aidiyyəti yoxdur.

Avqustun 15-dən bəri gündəmdən düşməyən bu mövzu ilə əlaqədar internetdən məsul qurum olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) sorğu göndərdik. 

Lakin qurumdan Redaktor.az-a bildirildi ki, bu barədə mətbuatın sorğuları üçün mütəxəssislər tərəfindən açıqlama hazırlanır və tamamlandıqda göndəriləcək. Hazırda isə internetin sürətinə təsir edən amillər araşdırılır.

Sevinc İBRAHİMZADƏ

2222222