Cinayətləri tədqiq edən AI modeli yaradıldı

 10:24 16.09.2024     437

Cənubi Koreya alimləri cinayətləri proqnozlaşdıra bilən süni intellekt (AI) modeli yaradıblar.

Redaktor.az xəbər verir ki, bu barədə "Tech Xplore" məlumat yayıb.

Cənubi Koreya Elektron və Telekommunikasiya Araşdırma İnstitutu (ETRI) tərəfindən təqdim edilən model real vaxt rejimində video görüntüləri təhlil etmək və cinayət risklərini qiymətləndirmək qabiliyyətinə malikdir. Sistem ilkin video çəkilişlərdən, davranışlar toplusundan və statistikadan məlumat əldə edir.

Elm adamlarının "Dejaview" adlandırdıqları texnologiya bir çox faktoru qiymətləndirərək cinayət nisbətlərinin artmasını proqnozlaşdıra bilir. O, həmçinin insanların ictimai yerlərdə davranışlarını cinayətkarların davranışları ilə müqayisə edərək təhlil edir. "Dejaview" həmçinin cinayət növlərini ayırd edə bilir. Ekspertlərin fikrincə, sınaq zamanı model 82 faizdən çox dəqiqliklə bir çox cinayətləri proqnozlaşdırıb.

Modelin ikinci xüsusiyyəti residivlərin qarşısını almaq üçün müəyyən bir şəxsin hərəkətlərini idarə etmək qabiliyyətindədir. Sistem insanın davranışını dərindən təhlil etmək üçün ona nəzarət edə bilir. ETRI nümayəndələrinin sözlərinə görə, onlar 2025-ci ilin sonuna kimi "Dejaview"in kommersiya versiyasını təqdim etməyi planlaşdırırlar.

Sevinc İBRAHİMZADƏ