Tanınmış şirkət bu məhsullarını geri çağırır

 20:03 23.09.2024     484

Çinin smartfonlar və digər elektronika üçün aksessuarlar istehsalçısı "Anker" aşkar edilmiş texniki qüsurlara görə bir sıra xarici akkumulyatorların satışını dayandırdığını elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. 

Nəşrin yazdığına görə, "Anker" 334 MagGo Battery, Power Bank və 334 MagGo Battery PowerCore 10k modelləri üçün geri çağırma kampaniyası aparır. Geri çağırılmaya səbəb bu modellərdə akkumulyatorların həddən artıq qızmağa həssas olduğu qüsurun aşkarlanması olub. Bəzi hallarda bu nasazlıq cihazın plastik hissələrinin əriməsinə və hətta özbaşına yanmasına səbəb ola bilər.

Qeyd olunur ki, sadalanan "power bank" modelləri "iPhone" üçün hazırlanıb, lakin istənilən smartfonla istifadə oluna bilər. İstehsalçıya görə, geri çağırma 2024-cü il yanvarın 3-dən sentyabrın 17-dək istehsal olunmuş bütün akkumulyatorlara aiddir. "Anker" vurğulayır ki, problem yalnız məhdud sayda güc banklarına təsir edir, lakin təhlükəsizliyi təmin etmək üçün bütün cihazlar geri çağırılmalıdır.

ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, Avstriya, Hollandiya və Avstraliyadakı istifadəçilər "Anker" xarici batareyalarını istehsalçıya qaytara və pullarını tam geri ala bilərlər.

Turan İSMAYIL