"Google" bəzi mütəxəssisləri geri qaytarmaq üçün təxminən 3 milyard dollar XƏRCLƏDİ

 09:37 27.09.2024     577

"Google" şirkətin keçmiş əməkdaşı Noam Şazirin yaratdığı Character.AI startapının texnologiyasını lisenziyalaşdırmaq üçün 2,7 milyard dollar ödəyib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Belə ki, razılaşmanın əsas məqsədi 2021-ci ildə "Google"dan ayrılan Şaziri geri qaytarmaq olub. Bu gün o, şirkətə vitse-prezident kimi qayıdır və qabaqcıl süni intellekt texnologiyası olan "Gemini"ni inkişaf etdirir.

Generativ süni intellekt sahəsində tədqiqatları ilə məşhur olan Şazir müasir süni intellekt texnologiyalarının inkişafının əsasını qoyan məşhur “Sənə lazım olan tək şey diqqətdir” məqaləsinin həmmüəllifi olub.

"Google"dan ayrıldıqdan sonra o, tezliklə investisiya cəlb edən və 1 milyard dollar dəyərində olan "Character.AI" startap şirkətini qurub.

Müqavilə təkcə Şaziri "Google"a qaytarmayıb, həm də təsisçi Daniel de Freitas da daxil olmaqla, təxminən 30 "Character.AI" işçisini şirkətə gətirib.

Sevinc İBRAHİMZADƏ