"Apple" 3 ildən sonra yeni planşetini təqdim etdi

 17:55 15.10.2024     75

İT nəhəngi "Apple" 2021-ci ildən bəri ilk dəfə olaraq yeni "iPad mini"ni təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Yeddinci nəsil qurğu yeni "A17 Pro" prosessoru alıb ki, bu da əvvəlki modeldən 30 faiz daha sürətlidir. Cihaz həmçinin bazada 64 giqabayt əvəzinə 128 giqabayt daxili yaddaşa malikdir.

"iPad mini" yeni "Apple Pencil Pro" stilusunu dəstəkləyir və məlumatları "Wi-Fi 6E" modem vasitəsilə ötürür. Qurğu "Apple Intelligence" neyron şəbəkəsi ilə işləyə bilər.

Şirkət süni intellektin (AI) xüsusiyyətlərini belə izah edib: "“iPadOS 18”ə dərindən inteqrasiya olunmuş Apple Intelligence Apple tərəfindən yaradılmış prosessor və generativ modellərin gücündən istifadə edir".

Seriyanın əvvəlki cihazları kimi, yeni cihaz "True Tone" dəstəyi ilə 8,3 düymlük IPS ekrana, 12 meqapiksellik əsas kameraya, yan düyməyə quraşdırılmış barmaq izi sensoruna, USB-C portuna və əlavə 5G dəstəyinə malikdir.

"Apple" artıq cihazlar üçün ilkin sifarişləri açıb. Yeni iPad mini-nin qiyməti minimum 499 dollar təyin edilib. Planşet oktyabrın 23-də satışa çıxarılacaq.

Sevinc İBRAHİMZADƏ