Azərbaycanda ucuz qiymətə xarici nömrələr satılır - Ekspert: "Dələduzluq üçün istifadə oluna bilər"

 14:57 16.10.2024     585

Azərbaycanda ucuz qiymətə Rusiya, İngiltərə, ABŞ, İndoneziya və digər xarici ölkələrin mobil nömrələrinin satışı həyata keçirilir. Bununla bağlı sosial mediada müxtəlif satış səhifələri var. Həmin xarici nömrələr virtual olaraq mövcud olur, yəni SİM kart formasında olmur. Ancaq həmin nömrələrlə sosial media platformalarında ("WhatsApp", "Telegram" daxil olmaqla) qeydiyyatdan keçmək mümkündür. 

Bəs kibercinayətkarlığın çoxalmasında virtual xarici nömrələrin satışı nə qədər rol oynayır?  

Bununla bağlı İKT mütəxəssisi Fərhad Mirəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, SİM kartlar müasir dövrümüzdə artıq fiziki formadan başqa, elektron formada da (eSİM) mövcud olur və bir çox telefonlar artıq həm fiziki kart formasını, həm də eSİM variantını dəstəkləyir:

Fərhad Mirəliyev: Siz elə bilirdiniz ki, bu razılaşmaya qədər Whatsapp  istifadəçi məlumatı toplamırdı?

"Mobil şəbəkə provayderları bir QR-kod hazırlayır və həmin kod telefona oxudulduqdan sonra müəyyən texniki parametrlər telefonun yaddaşına yazılmış olur. Beləliklə, hər hansısa bir fiziki SİM kart olmadan həmin telefon mobil şəbəkə operatoru ilə əlaqə yarada bilir. Əlbəttə ki, həmin əlaqənin konfiqurasiyaları da QR-kod vasitəsilə əvvəlcədən mobil telefona yazılır ki, bu əlaqə yaransın. eSİM gələcəyin texnologiyasıdır. Çünki artıq fiziki kartlardan imtina olunur. Hətta Amerika bazarı üçün buraxılan telefonlarda artıq fiziki kartın yerləşdirilməsi üçün yer də olmur, yəni tamamilə fiziki SİM kartlardan imtina ediblər.

Müəyyən şirkətlər və ya fərdlər həmin xarici nömrələri sifariş yolu ilə əldə edib sonradan satışı ilə məşğul olurlar. QR-kod oxuma qaydası ilə müştəriyə göndərirlər. Bir çox hallarda da biz görürük ki, həmin nömrələr rominq şəbəkəsində istifadə olunur. Amma əsasən sosial şəbəkələrdə, "WhatsApp" üzərindən yazışmalar üçün istifadə olunur. Həmin nömrələrə isə zəng çatmır".

Ekspert qeyd etdi ki, kibercinayətkarlıq və yaxud dələduzluq məqsədilə də sonradan məsuliyyətdən yayınmaq üçün xarici nömrələrdən istifadə oluna bilər:

"Biz bilirik ki, dünyanın bir çox ölkələrində, ümumiyyətlə mobil nömrələrin satışından sonra qeydiyyatı aparılmır. Yəni mobil nömrələr kimin adınadır və s. kimi qeydiyyat hərəkətləri olmur. Ona görə də xaricdə hansı mobil nömrənin kimə məxsus olduğu barədə birmənalı bir fikir söyləmək olmur. Amma mən düşünürəm ki, tələb olunduqda hazırkı texnoloji alətləri ilə həmin şəxsləri tapmaq mümkündür. Amma bu, təkcə bir ölkənin işi deyil. Mobil nömrənin hüquqi sahibi hansısa bir xarici ölkədədirsə, mütləqdir ki, bizim ölkədən ora hansısa bir sorğu yerləşdirilsin. Həmin sorğunun da yerləşdirilməsi üçün polis orqanları, İnterpol və yaxud xüsusi xidmət orqanları ilə əvvəlcədən əməkdaşlıq forması müəyyən olunur ki, sonradan bu cür işbirliyi yaradılsın".

Sevinc İBRAHİMZADƏ

2