"Youtube" tamamilə ödənişli olacaq? - Premium hesabların... - AÇIQLAMA

 14:07 17.10.2024     562

"Youtube" platformasının reklamları istifadəçiləri usandırıb. Uzun videolarda ən yaxşı halda 10-15 dəqiqədən bir, qısa videolarda isə 1-2 dəqiqədən bir reklam izləmək məcburiyyəti yaranır. Ümumiyyətlə, hər hansısa bir videonu izləmək üçün əvvəlcə müəyyən reklamları keçmək lazımdır.

Hərçənd bununla bağlı "Youtube" özü bir həll yolu təklif edir: "Youtube Premium". Bu xidməti aktivləşdirdikdə istifadəçi hər hansısa reklamı izləməyə məruz qalmır. Premium abunəliyinin ilk ayı pulsuz olsa da, sonrakı aylar üçün 6.59$ ( 11 manat 21 qəpik) ödəniş tələb edilir.

İddialara görə, "Youtube", ümumiyyətlə, ödənişli olacaq. Bəs bu ehtimal nə qədər realdır?

Mövzu ilə bağlı sosial media meneceri Əli Cavadov Redaktor.az-a açıqlamasında bildirdi ki, bəzi reklamları heç keçmək olmur, ancaq vaxtı dolduqdan sonra video başlayır. Elə reklamlar da var ki, "reklamı keç" butonu 5 saniyədən sonra aktivləşir. Yəni məcburdur ki, ilk 5 saniyə ərzində həmin reklam izlənilə:

"Amma "Youtube"un tamamilə pullu olması şayiədir. Çünki çox adam bu platforma pulsuz olduğu üçün istifadə edir. Platformanın da qazancı elə reklamlardandır. Amma bir həqiqət də var ki, reklamların daha çox izlənməsinə məcbur edirlər. Bu da hamını premium istifadəçi etməkdən savayıdır. İstənilən halda burada "Youtube" qazanır, çünki premium istifadəçi də aylıq pul ödəyir. Hamı da "Youtube"dan istifadə etməyə məcburdur, çünki alternativi yoxdur. Şirkət rəhbərliyi də buna arxalanaraq istədikləri funksiyaları, məcburiyyətləri aktivləşdirirlər".

Mütəxəssis həmçinin premium hesabların satılması zamanı yarana biləcək təhlükəsizlik məsələlərinə də diqqət çəkdi:

"Premium hesabları "Youtube"un özündən rəsmi olaraq almaqda heç bir problem yoxdur. "Google" dünyanın ən böyük şirkətlərindəndir və "Youtube" da ona bağlıdır. Təhlükəsizliklə bağlı heç bir problem yoxdur. Bu cür premium hesabların satışını həyata keçirənlər də rəsmi platformadan alırlar deyə narahat olmağa dəyməz".

Sevinc İBRAHİMZADƏ