Hesablarımızın şifrələrini belə qoyaq - Sındırmaq mümkün OLMAYACAQ

 15:25 16.11.2024     4933

2024-cü ildə dünyada ən populyar olan parollar açıqlanıb. İstifadəçilərin çoxu hesablarına "123456", “123456789”, “password” və “qwerty123” və s. kimi sadə parollar təyin ediblər. Məlum məsələdir ki, bu cür parolların sındırılması bir neçə saniyə vaxt tələb edir.

Bəs hesablarımıza şifrə seçimi edərkən nələrə diqqət etməliyik və necə şifrələr seçməliyik ki, sındırılması asan olmasın?

Mövzu ilə əlaqədar Ankara Universitetinin doktorantı, Bakı Dövlət Universitetinin (BDU) müəllimi, sosial media mütəxəssisi Qoşqar Bəylərov Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda şifrə təhlükəsizliyinə dair müəyyən səylər olsa da, xüsusən fərdi istifadəçilər arasında maarifləndirmə və təhlükəsiz praktikaların tətbiqi sahəsində boşluqlar qalır:

"Elə bu səbəbdən də vətəndaşların böyük bir hissəsi güclü kibertəhlükəsizlik normlarına uyğun şifrələr istifadə etmirlər. Təhlükəsizlik təlimlərinin genişləndirilməsi, eləcə də fərdi məlumat təhlükəsizliyinə dair qanunların tətbiqi, fərdlərin və ictimaiyyətin maarifləndirilməsi bu sahədə inkişafı sürətləndirə bilər. Şifrələrimizin təhlükəsizliyi şəxsi məlumatlarımızın və rəqəmsal hesablarımızın qorunmasında vacib rol oynayır. Zəif şifrələrin kiber təhlükələrə qarşı həssaslığı artırdığı nəzərə alınarsa, güclü şifrə seçimində bəzi əsas qaydalara riayət etmək lazımdır".

Q.Bəylərovun sözlərinə görə, bu qaydaları belə qruplaşdırmaq olar:

"Mürəkkəblik və uzunluq - Şifrənin yalnız hərf və rəqəmlərdən ibarət olması (məsələn, “123456” kimi ardıcıllıqlar) onu asanlıqla təxmin edilən vəziyyətə gətirir. Güclü şifrələr böyük və kiçik hərflər, rəqəmlər, simvolları əhatə etməli və minimum 12 simvol uzunluğunda olmalıdır. Təhlillərə görə, şifrənin mürəkkəblik səviyyəsi nə qədər çox olsa, onun sındırılması da bir o qədər çətin olur.

Şifrələri təkrar istifadə etməmək - Eyni şifrəni bir neçə hesabda istifadə etmək ciddi təhlükə yaradır, çünki bir hesabda sındırılan şifrə digər hesabların da təhlükəsizliyini risk altına alır. Fərqli platformalar üçün unikal şifrələr yaratmaq vacibdir, bu isə “şifrənin təkrar istifadəsi” təhlükəsini azaldır.

İki faktorlu autentifikasiyadan istifadə etmək - Təkcə şifrə ilə kifayətlənməmək və iki faktorlu autentifikasiyadan (2FA) istifadə etmək təhlükəsizliyi daha da artırır. 2FA istifadə edildikdə, şifrə sındırılsa belə, əlavə təhlükəsizlik faktoru (məsələn, telefon təsdiqi) hesabın təhlükəsizliyini təmin edə bilər.

Təsadüfi kombinasiya yaratmaq - İnsanlar çox zaman doğum tarixi, ad və ya ünvan kimi məlumatları istifadə edir, bu isə şifrələri daha təxmin edilə bilən edir. Belə hallarda təsadüfi kombinasiya yaradan şifrə generatorlarından istifadə də məsləhət görülür. Bu cür generatorlar mürəkkəb şifrələr yaradır və hücum edənlərin onları sındırması çətinləşir. Lakin bu halda maksimum diqqətli olmaq və həmin təsadüfi şifrələri etibarlı yerlərə qeyd etmək lazımdır. Belə şifrələri yadda saxlamaq isə demək olar ki, mümkünsüzdür".

Sevinc İBRAHİMZADƏ