"Apple" "Siri"ni yeniləyəcək

 10:27 22.11.2024     353

Amerikanın "Apple" şirkəti süni intellekt (AI) texnologiyalarına əsaslanan "Siri" səsli köməkçisinin irimiqyaslı yeniləməsini hazırlayır.

Redaktor.az xəbər verir ki,  bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, şirkət böyük dil modelləri (LLM) əsasında "Siri"ni öyrətməyi, bununla da köməkçinin dialoqu saxlamaq və mürəkkəb sorğuları daha sürətli emal etmək qabiliyyətini təkmilləşdirməyi, eyni zamanda bu yolla süni intellekt xidmətləri bazarında öz mövqeyini gücləndirməyi planlaşdırır.

"Apple" keçən ay özünün süni intellekt inkişafı olan "Apple Intelligence"i təqdim etsə də, onun funksionallığı hələ də şirkətin bu sahədəki rəqiblərindən daha azdır.

"Bloomberg"in məlumatına görə, yenilənmiş səs köməkçisi "LLM Siri" iş adını alıb. Hazırda şirkət bunu iPhone, iPad və Mac-də ayrıca proqram kimi sınaqdan keçirir. Nəticə xidmət "Apple"ın mövcud səs köməkçisini tamamilə əvəz etməlidir. Şirkət iOS 19 və macOS 16 əməliyyat sistemlərinin yeni versiyalarının təqdimatı çərçivəsində növbəti yeniləməni 2025-ci ildə elan etməyi planlaşdırır.

 

Sevinc İBRAHİMZADƏ