Ayda 250 milyon avro qazanan şəbəkə dağıdıldı
Kütləvi beynəlxalq əməliyyatda hüquq-mühafizə orqanları dünya üzrə 22 milyondan çox istifadəçiyə xidmət göstərən və aylıq 250 milyon avro gəlir əldə edən pirat yayım şəbəkəsini dağıdıb.
Redaktor.az-ınn məlumatına görə, kod adı "Taken Down" olan əməliyyat İtaliya polisi tərəfindən digər ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tarixin ən böyük antipirat kampaniyalarından biridir.
Səlahiyyətlilər İtaliyanın 15 bölgəsində 89 axtarış və İngiltərə, Hollandiya, İsveç, İsveçrə, Rumıniya, Xorvatiya və Çində 102 şübhəlinin iştirak etdiyi 14 əlavə reyd keçirib. Xorvatiya polisi 11 həbs qərarı verib, Böyük Britaniya və Niderlandda üç əsas şəbəkə administratoru müəyyən edilib.
Qeyri-qanuni şəbəkə "Sky", "Netflix", "Amazon Prime", "Disney+" və digər platformalardan müəllif hüququ ilə qorunan IPTV məzmunu yayırdı. Hakimiyyət orqanları Rumıniya və Honq-Konqda əsas infrastruktur da daxil olmaqla 2500-dən çox server və 1,65 milyon avro dəyərində kriptovalyuta ələ keçirib.
İki illik araşdırma zamanı cinayət şəbəkəsinin istifadə etdiyi şifrəli rabitə kanalları və saxta sənədlər aşkarlanıb. Yayımçıların illik itkilərinin 10 milyard avronu keçdiyi təxmin edilir.
Sevinc İBRAHİMZADƏ